Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xrombuklar təhsil sektorunu ələ keçirir


“IDC” tədqiqat şirkətinin analitiki Radcani Sinqx “The New York Times” nəşrinə bildirib ki,  xrombuklar təhsil müəssisələrində vacib qurğulardan birinə çevrilir, buna görə də “Apple” və “Windows” kompüterlərinə tələbat azalıb.
 
Analitik bildirib ki, 2015-ci ilin birinci yarısında “Chrome OS” platforması ilə işləyən noutbukların təhsil sektoruna tədarükü  2,4 milyon təşkil edib. Bu seqmentdə “Windows” sistemi ilə işləyən fərdi kompüter və noutbukların tədarük həcmi 2,2 milyon təşkil edib.
 
Ekspert bildirib ki, xrombuklar təhsil sektoruna tədarük həcminə görə “Apple” məhsulunu ötür.
 
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən yazır ki, "hərçənd ki “Microsoft” buraxılış həcminə, “Apple” gəlir həcminə görə liderdir, artım perspektivi baxımından xrombuk öndədir" – Radcani Sinqx deyib.
 
“IDC” tədqiqatçılarının erkən qiymətləndirməsinə əsasən, 2014-cü ildə məktəb, ali məktəb və başqa təhsil müəssisələrinə “Apple” brendinə məxsus 4,2 milyon kompüter və planşet verilib.
 
“TechRadar” portalı yazır ki, analitiklər 2015-ci ildə təhsil sektorunda xrombukların liderliyinə əmindirlər, lakin yaddan çıxarmaq olmaz ki, yeni “Windows 10” əməliyyat sistemi bazara çıxarılıb və “Apple” yeni planşetlərini elan edəcək.
 
“Gartner”in proqnozuna görə, 2015-ci ildə xrombukların qlobal satış həcmi 7,3 milyon təşkil edə bilər ki, bu da 2014-cü illə müqayisədə 27 faiz yüksəkdir.
 
Emil Hüseynov




20/08/15    Çap et