Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın aparıcı İT şirkəti Azərbaycanda nümayəndəliyini açacaq
Dünyanın aparıcı İT şirkətlərindən biri olan “SAP SE” Almaniya şirkəti Azərbaycanda rəsmi nümayəndəliyini açmaq niyyətindədir.
Şirkətin MDB ölkələri üzrə PR meneceri Elena Popovanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu ilin sonuna kimi nümayəndəliyin Azərbaycanda açılışı nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, “SAP SE” korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin qərargahı Valdiorfda (Almaniya) yerləşir və dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur.
Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir.
Azərbaycanda nümayəndəliyinin açılması ilə şirkət yerli bazarda iştirakını genişləndirmək niyyətindədir.
Aynur Vəliyeva
25/08/15 Çap et