Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?


Göygölə Milli Park statusu verilməsi ilə ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. Turist girişinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ərazidə telefon və internet xidmətlərinin də mövcudluğunu gündəmə gətirib.

Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyevin verdiyi məlumata görə, Göygöl Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin edilib. Ümumiyyətlə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq "585" şəhər telefon abunəçilərinin sayında da artım var.

Gələcəkdə Göygöl ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur ki, bu da turistlərin və rayon sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək. V.Mirzəyev bildirib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. "Göygöl qoruğuna yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.

Bundan başqa ən böyük kəndlərdən olan Çaykənd kəndində də 480 nömrə tutumlu EATS, 96 internet portu qurulub. Göygöl şəhərinin yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində telefona və genişzolaqlı internetə olan tələbatı ödəmək məqsədilə 256 nömrə tutumlu "MSAN" şkaf tipli EATS qurulub. Rayon ərazisində bütün kənd EATS-lərində genişzolaqlı internetə çıxış imkanlığı var. Rayonda özəl internet klubların sayında da artım müşahidə olunur.

Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır.

Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılıb.

Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkündür.

RƏVAN




25/08/15    Çap et