Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter Oyunları üzrə 7-ci Dünya Çempionatının keçirilmə tarixi müəyyənləşib


Kompüter Oyunları üzrə 7-ci Dünya Çempionatının builki keçirilmə yeri, tarixi və rəsmi növləri məlum olub.
 
Bu haqda məlumat Çempionatın Təşkilat Komitəsindən Azərbaycan Kiber İdman Federasiyasına daxil olub.
 
Məlumata əsasən, 2015-ci il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Seula (Cənubi Koreya) verilib.  
 
Yarışlar dekabrın 2-dən 5-dək davam edəcək. Federasiyadan qeyd olunub ki, növlərin rəsmi siyahısında müəyyən dəyişikliklər edilib. Belə ki, bu dəfə yalnız 3 növ seçilib – "League of Legends" (komanda), "StarCraft II" (fərdi) və "HearthStone" (fərdi). 43 Milli Kiberidman Federasiyasının hər biri yarışlarda təmsil oluna bilər. Bundan əlavə, "yalnız qadınlar üçün" (female only) növü ləğv edilib. Zərif cinsin nümayəndələri indi kişilərlə bərabər istənilən yarışda qüvvələrini sınaya bilərlər. Sözügedən hər üç növ hamı üçün (open for all) açıq elan olunub.
 
 
Qeyd edək ki, Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (6-th e-Sport World Championship BAKU) ötən il ilk dəfə olaraq Azərbaycanda keçirilib.
 
Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation)  himayəsi altında dünya kiber idmançılarını bir araya gətirən möhtəşəm tədbir "Crystall Hall"-da təşkil olunub.
 
 
 
Həqiqət İSABALAYEVA




25/08/15    Çap et