Nazirliyin Mərkəzi arxivi yaradıldı
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Mərkəzi arxivi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzi arxivi (bundan sonra - Mərkəzi arxiv) Nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinin (elektron sənədlərinin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi məqsədilə yaradılır.
1.2. Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni əhəmiyyət kəsb edən sənədləri (elektron sənədləri) “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət arxiv fondunun tərkibinə daxil edilir və müəyyən olunmuş müddətdə saxlanılmaq üçün dövlət nəzarətinə verilir.
1.3. Mərkəzi arxiv sənədlərlə (elektron sənədlərlə) işin təşkili üzrə cavabdehlik daşıyan Nazirliyin Sənədlərlə iş və təminat şöbəsinin müdirinə tabedir.
1.4. Mərkəzi arxiv öz işində Azərbaycan Respublikasının qanunlarını, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı, “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarını, arxiv işi sahəsində qüvvədə olan digər normativ-hüquqi aktları, Nazirliyin əmr, sərəncam və göstərişlərini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tövsiyə və təlimatlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. Mərkəzi arxiv Nazirlik tərəfindən təsdiq edilmiş plan üzrə işləyir və öz fəaliyyəti üzrə ona hesabat verir.
2. Mərkəzi arxiv sənədlərinin tərkibi
2.1. Mərkəzi arxiv aşağıdakı sənədləri (elektron sənədləri) saxlayır:
2.1.1. kargüzarlıq sahəsində başa çatdırılmış, Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyəti nəticəsində meydana çıxan sənədlər (elektron sənədlər);
2.1.2. Nazirliyin sələfi olan orqanın (orqanların) sənədləri (elektron sənədləri);
2.1.3. varisləri olmayan və birbaşa Nazirliyə tabe olan, ləğv edilmiş qurumların sənədləri (elektron sənədləri);
2.1.4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılmış və Nazirliyin rəhbərliyi tərəfindən təsdiq edilmiş siyahı üzrə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların kargüzarlıq xidməti tərəfindən başa çatdırılmış, müvəqqəti və daimi saxlanılmalı olan sənədləri (elektron sənədlər);
2.1.5. Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların şəxsi heyəti barədə sənədlər (saxlama müddəti 75 il olanlar);
2.1.6. Nazirliyin görkəmli xadimlərinin şəxsi fondu və sənədləri (elektron sənədləri) (tərkibi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılmış qaydada müəyyənləşdirilən);
2.1.7. Mərkəzi arxiv fondlarının tərkibini və məzmununu açıqlayan elmi sorğu aparatı (təsvirlər, kataloqlar, göstəricilər, müşahidələr və s.);
2.1.8. Nazirliyin Aparatının fəaliyyəti zamanı meydana çıxan elmi-texniki və digər xarakterli xüsusi sənədləşdirmə, həmçinin arxivin elmi tədqiqat və informasiya-sorğu işinin aparılması üçün lazım olan arxiv sənədlərini (arxivin elektron sənədlərini) tamamlayan çap nəşrləri və digər materiallar.
3. Mərkəzi arxivin yaradılması məqsədləri
3.1. Mərkəzi arxivin yaradılması məqsədləri aşağıdakılardır:
3.1.1. tərkibi bu Əsasnamənin 2.1-ci bəndində göstərilən sənədlərin (elektron sənədlərin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi;
3.1.2. dövlət tərəfindən saxlanılmağa aid edilən sənədlərin (elektron sənədlərin) müəyyən olunmuş qaydada dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması;
3.1.3. kargüzarlığın aparılması işi üzrə vahid sistemin tələbatlarına uyğun olaraq, Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların kargüzarlıq fəaliyyətində sənədlərin (elektron sənədlərin) dövriyyəsinin təşkilinə nəzarətin həyata keçirilməsi.
4. Mərkəzi arxivin funksiyaları
4.1. Mərkəzi arxivin funksiyaları aşağıdakılardır:
4.1.1. sənədlərin (elektron sənədlərin) qeydiyyatı, mühafizə olunması, istifadəsi və daimi dövlət mühafizəsinə verilməsi işini təşkil etmək;
4.1.2. işlərin nomenklaturunun tərtib edilməsinə metodiki kömək göstərmək, kargüzarlıqda sənədlərin (elektron sənədlərin) işlər üzrə düzgün formalaşdırılmasına və onların Nazirliyin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda saxlanılmasına nəzarət etmək, həmçinin bu sənədləri (elektron sənədləri) arxivdə saxlanmaq üçün hazırlamaq;
4.1.3. kargüzarlıqda daimi saxlanılmalı olan sənədlərin (elektron sənədlərin) seçimini təşkil etmək, daimi saxlanmaq üçün təyin edilən qovluqlar üzrə illik məlumatların bölgüsünü aparmaq və onları Nazirliyin Mərkəzi Ekspert Komissiyası və müvafiq dövlət arxivinin Ekspert-Yoxlama Komissiyası tərəfindən yoxlanılması və nəzarətdən keçirilməsi üçün hazırlamaq;
4.1.4. müəyyən olunmuş müddətdə kargüzarlıq üzrə vahid dövlət sisteminin tələbatlarına uyğun olaraq işlənib hazırlanmış sənədləri (elektron sənədləri) qəbul etmək (tərkibi bu Əsasnamənin 2-ci hissəsində müvafiq surətdə nəzərə alınmış), onların qeydiyyatını və saxlanılmasını təmin etmək;
4.1.5. arxiv sənədlərinin (arxivin elektron sənədlərinin) elmi məlumat bankını (siyahı, müqəddimə, tarixi arayış) hazırlamaq;
4.1.6. dövlət tərəfindən saxlanılmağa aid edilən sənədləri (elektron sənədləri) təyin olunmuş müddətdə dövlət arxivinə təhvil vermək;
4.1.7. Arxivə təhvil verilməli olmayan sənədləri (elektron sənədləri) Nazirliyin Mərkəzi Ekspert Komissiyasının qərarı və Nazirliyin rəhbərliyi tərəfindən təsdiq edilmiş akt üzrə məhv etmək;
4.1.8. hər il dövlət arxivinə Nazirliyin arxiv pasportunu, fond kartlarını, təyin edilmiş qeydiyyat formasına uyğun olaraq fondların həcmi və tərkibində aparılan dəyişikliklər haqqında məlumatları göndərmək, həmçinin arxiv işi və kargüzarlığın təşkili ilə bağlı il ərzində Nazirlik tərəfindən işlənib hazırlanmış normativ-metodiki sənədlərin göndərilməsini təmin etmək;
4.1.9. Nazirliyin rəhbərliyini Mərkəzi arxiv fondlarının tərkibi və məzmunu haqqında məlumatlandırmaq;
4.1.10. Nazirliyin rəhbərliyinin tapşırığı ilə sənədləri (elektron sənədləri) aşkar etmək və onların seçilməsi ilə məşğul olmaq;
4.1.11. Nazirliyin Aparatının əməliyyat məqsədləri üçün istifadə etdiyi arxiv sənədləri (arxivin elektron sənədləri) əsasında lazımi arayış və məlumatlar hazırlamaq;
4.1.12. müvəqqəti istifadə üçün sənədləri (elektron sənədləri) təqdim etmək;
4.1.13. müvafiq qaydada sosial-hüquqi xarakterli arayışların verilməsini təşkil etmək;
4.1.14. Nazirliyin Aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan arxivə təhvil verilmək üçün hazırlanmış sənədləri (elektron sənədləri) qəbul etmək;
4.1.15. fiziki və hüquqi şəxslərin sorğularının icrası üçün arxiv sənədlərindən (arxivin elektron sənədlərindən) istifadə etmək;
4.1.16. komplektləşdirmə mənbəyi olan Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahılarını hazırlamaq;
4.1.17. komplektləşdirmə mənbəyi olan Nazirliyin Aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda qovluqların düzgün formalaşdırılmasını və hazırlanmasını yoxlamaq;
4.1.18. arxiv sənədlərinin (arxivin elektron sənədlərinin) effektiv surətdə istifadə olunmasını təşkil etmək;
4.1.19. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların arxiv sənədlərindən (arxivin elektron sənədlərindən) hərtərəfli istifadə etməsini təmin edəcək vacib tədbirlər həyata keçirmək;
4.1.20. arxiv işinə və kargüzarlığın aparılmasına dair normativ-metodiki sənədləri işləyib hazırlamaq (təlimatlar, işlərin nomenklaturası, klassifikatorlar, saxlanma tarixi göstərilən sənədlərin (elektron sənədlərin) siyahısı;
4.1.21. Nazirliyin Mərkəzi Ekspert Komissiyası ilə birgə Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların sənədlərinin (elektron sənədlərinin) (dövlət nəzarətinə verilməsi məqsədəuyğun sayılmayan) qiymətləndirilməsi üzrə ekspertiza aparılması qaydalarını müəyyən etmək;
4.1.22. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların saxlama müddəti başa çatmış sənədlərini (elektron sənədlərini) həmin qurumların ekspert komissiyaları ilə birgə ləğv edilməsi işini təşkil etmək;
4.1.23. Nazirliyin Aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kargüzarlıq işinin aparılması üçün seçilən işçilərin işgüzarlıq qabiliyyətinin artırılması məqsədilə tədbirlərin keçirilməsində iştirak etmək;
4.1.24. sənədləri (elektron sənədləri) tələb olunan qaydada, səliqəli və müvafiq mühafizəsini təmin etməklə saxlamaq.
5. Mərkəzi arxivin hüquqları
5.1. Mərkəzi arxivin hüquqları aşağıdakılardır:
5.1.1. Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların kargüzarlıq işində sənədlərin (elektron sənədlərin) təşkil edilməsi ilə bağlı Nazirliyin rəhbərliyi qarşısında hesabatla çıxış etmək;
5.1.2. kargüzarlıq işində sənədlərin (elektron sənədlərin) təşkil edilməsi məsələləri ilə əlaqədar Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçiləri ilə aparılan iclaslarda iştirak etmək;
5.1.3. lazım olduqda Nazirlikdə və ya Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində çalışan mütəxəssisləri ekspert və məsləhətçi kimi dəvət etmək;
5.1.4. komplektləşdirmə mənbəyi olan Nazirliyin Aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan arxiv işi ilə bağlı zəruri məlumatlar almaq;
5.1.5. komplektləşdirmə mənbəyi olan Nazirliyin Aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan sənədlərin (elektron sənədlərin) vaxtında və hazırlanmış vəziyyətdə təhvil verilməsini tələb etmək;
5.1.6. komplektləşdirmə mənbəyi olan Nazirliyin Aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda sənədlərlə (elektron sənədlərlə) işin təşkilinə nəzarət etmək;
5.1.7. zərurət yarandıqda Nazirliyin strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara müqavilə əsasında ödənişli xidmət göstərmək.
6. Mərkəzi arxivin fəaliyyətinin təşkili
6.1. Mərkəzi arxivin strukturu və ştat vahidi Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri (bundan sonra - Nazir) tərəfindən müəyyən edilir.
6.2. Mərkəzi arxivə Nazir tərəfindən təyin edilən müdir rəhbərlik edir.
6.3. Mərkəzi arxivin işçiləri ali təhsilli şəxslər sırasından təyin edilir.
6.4. Mərkəzi arxiv işçilərinin öhdəlikləri vəzifə təlimatları ilə müəyyənləşdirilir.