Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Təhsil Nazirliyi informatikanın tədrisini texnologiya fənni çərçivəsində təşkil etmək niyyətindədir


Azərbaycan Təhsil Nazirliyi aşağı siniflərdə informatikanın tədrisini texnologiya fənni çərçivəsində təşkil etmək niyyətindədir.

Təhsil Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu gün tədris proqramı həddən artıq fənlərlə yüklənib.
 
“Bu, şagirdlərə onlar üçün daha böyük əhəmiyyət daşıyan fənlərlə məşğul olmağa imkan vermir. Belə ki, 1-2-ci siniflərdə “Həyat bilgisi” fənni üzrə keçirilən bir çox dərslər “Ana dili” fənni çərçivəsində uşaqlara çatdırılır. İnformatika fənnində keçirilən dərslərin bir hissəsini “Texnologiya” fənni çərçivəsində şagirdlərə təqdim etmək olar və biz bu məsələni nəzərdən keçiririk. Burada yeganə problemimiz “Texnologiya” fənni üzrə dərs deyən müəllimlərin informatika mövzuları üzrə dərs deməyə hazır olmaması ilə bağlıdır. Bu məsələni ali məktəblərdə müəllim hazırlığı zamanı nəzərə alaraq həll etməyi düşünürük. Fizika, kimya və biologiya fənninin ümumiləşdirilmiş formada məktəbdə tədrisinin təşkili məsələsi də gündəmdədir. Bu fənlərin daha ətraflı tədrisinin yuxarı siniflərdə təmayüllü tədris çərçivəsində təşkili nəzərdə tutulur”, - deyə təhsil Nazirliyindən bildiriblər.

Gələcəkdə artıq “Texnologiya” dərslərində uşaqlara informatika üzrə anlayışlar açıqlanacaq, kompüter qrafikası və s. istiqamətlər üzrə dərslər keçiriləcək. Bu isə həm tədris proqramından artıq olan və əlavə vaxt aparan dərsləri çıxarmağa, həm də məktəblilərin həddən artıq zehni yüklənməsinin qarşısını almağa imkan verəcək.
 
Aynur Vəliyeva   
 




26/08/15    Çap et