Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərpoçt" MMC xarici universitetlərdə təhsil almaq istəyən abituriyentlərə müraciət edib


"Azərpoçt" MMC xarici dövlətlərin nüfuzlu universitetlərində təhsil almaq istəyən abituriyentlərə müraciət edib. Müraciətə səbəb xarici ölkələrdəki təhsil müəssisələrinə sənəd göndərərkən onların ünvanlarının poçtun indeksi, yaşadığınız küçə, ev və mənzil nömrəsi dəqiq göstərilməməsidir.

Müəssisənin müraciətində deyilir:

"Müraciət etdiyiniz təhsil müəssisələrindən Sizə cavab məktubu göndərilərkən Sizin və ya həmin müəssisələrin ünvanınızı dəqiq göstərməməsi səbəbindən daxil olan məktubları çatdırmaq mümkün olmur. Çünki bəzən zərflərin üzərində yalnız ad və soyad qeyd edilir ki, bir poçt şöbəsinin xidmət ərazisində onlarla eyni ad-familiyalı adamın olması da istisna deyil. Poçt şöbəsinə daxil olan bu cür göndərişlər abituriyentlər müraciət edənə qədər çatdırılmamış qalır. Bu kimi halların aradan qaldırılması, qəbul barədə operativ olaraq məlumatlandırılmanız üçün hər ehtimala qarşı yaşadığınız ünvanın aid olduğu poçt şöbəsi ilə mütəmadi əlaqə saxlamağınız tövsiyə olunur".


"Azərpoçt" MMC-nin baş direktor köməkçisi  Elşad Nurəliyev bu barədə açıqlama verərək bildirib ki, poçt göndərişlərinin ünvanı göndərici tərəfindən aşağıdakı ardıcıllıqla yazılmalıdır:

 - ünvan sahibinin adı (fiziki şəxslər üçün - soyadı, adı, atasının adı);
 
 - küçənin adı, evin və mənzilin nömrəsi;
 
- poçt indeksi;
 
- yaşayış məntəqəsinin adı (kənd, qəsəbə, şəhər və rayon);
 
- muxtar qurumun adı.
 
Ünvan sahibinin ünvanı zərflərin, paketlərin, poçt kartlarının və ya poçt göndərişlərinin üzlüyünün aşağı sağ tərəfində, göndəricinin ünvanı isə yuxarı sol tərəfdə yazılmalıdır.

E.Nurəliyev qeyd edib ki, təyinat şöbəsi göstərilməklə poçt göndərişləri "Tələb olunanadək" və ya "Abunə qutusu"na ünvanlana bilər. Bu halda təyinat məntəqəsi, alıcının ünvanı yerində "Tələb olunanadək" və ya "Abunə qutusu"na qeyd edilməlidir. Bu cür poçt göndərişlərinin çatdırılması poçt müəssisəsində həyata keçirilir. Belə ki, alıcı şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə "Tələb olunanadək" qeydli göndərişi qəbul edə bilər.

"Abunə qutusu"na ünvanlanan göndəriş isə alıcının özü tərəfindən abunə olduğu qutudan çıxarılmalıdır.
 
RƏVAN




27/08/15    Çap et