Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranın TASİM layihəsi çərçivəsində Azərbaycana icarəyə kanallar verəcəyi istisna edilmir
İran Azərbaycana TASİM layihəsi çərçivəsində icarəyə kanallar təqdim edə bilər.
TASİM layihəsinin Katibliyindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, İranın rabitə və informasiya texnologiyaları naziri TASİM layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
“Hazırkı məqamda yalnız bu istiqamətdə danışıqların aparılmasına hazırlıqdan söhbət gedə bilər. Bu, heç də o demək deyil ki, İran TASİM layihəsinin tərəfdaşlarından biri olacaq. Sadəcə, İran Azərbaycana Pakistan istiqamətində trafikin ötürülməsi üçün kanallar icarəyə verə bilər. İranın TASİM layihəsinə qoşulması üçün isə layihədə iştirak edən bütün ölkələrin razılığı olmalıdır”, - deyə layihənin Katibliyindən bildiriblər.
Layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. TASİM-in reallaşmasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "ChinaTelecom", "Kaztranscom", "Rostelecom" və "TurkTelekom" operatorları iştirak edirlər. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Bu strateji layihənin həm region dövlətləri, həm də layihənin iştirakçısı olan bütün ölkələr üçün faydalı olduğu vurğulanıb. TASİM layihəsi region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcək.
TASİM Layihəsi Katibliyinin nümayəndələri Fransa şirkətlərinin layihəyə qoşulması imkanları və Avropa İttifaqına daxil olan ölkələrin Cənubi Qafqaz və Orta Asiya regionunda həyata keçirilən inkişaf layihələrində iştirakı müzakirə ediblər.
Aynur Vəliyeva
27/08/15 Çap et