Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”: “Sınıq körpü” sərhəd keçid məntəqəsində yeni poçt şöbəsinin yaradılması gündəmdədir”


Qazax rayonunun “Sınıq körpü” sərhəd keçid məntəqəsində yeni poçt şöbəsinin yaradılmasına böyük tələbat var. “Azərpoçt” MMC-dən verilən məlumata görə, məsələ gündəmdədir. Buna qədər  sərhəd keçid məntəqəsində əvvəllər bir neçə dəfə xüsusi avtomobillərlə səyyari poçt xidməti göstərilib.
 
 “Azərbaycana gələn qonaqların ölkəmiz haqqında ilk təəssüratlarının formalaşdığını nəzərə alsaq, yeni poçt şöbəsi ən müasir tələblər səviyyəsində milli ornamentləri də özündə əks etdirərək yaradılmalıdır.   “Azərpoçt” MMC-nin  bank və maliyyə xidmətlərini göstərməsi “Sınaq Körpü”də valyutadəyişmə məntəqəsinin yaradılmasını da təmin edəcək. Hazırda ərazidə valyutadəyişmə işləri xaotik həyata keçirilir və bu da özündə bir çox problemlər yaradır. Rayonda fəaliyyət göstərən banklar da digər bank xidmətlərinə o qədər də tələbatın olmadığı sərhəd keçid məntəqəsində tək valyutadəyişmə əməliyyatına görə  filial yaratmaqda maraqlı deyillər.

 “Azərpoçt” MMC isə Milli poçt operatoru kimi 1500-dən çox poçt şöbəsi olan iri xidmət şəbəkəsinə malikdir. Bu səbəbdən Bakıdan fərqli olaraq regionlarda əhaliyə göstərilən bank və mailiyə xidmətlərində banklar birmənalı olaraq poçt-banka uduzur. “Azərpoçt” MMC-nin “Migom”, ”Western-Union” kimi xidmətlərdən də yararlandığını nəzərə alsaq, bu böyük üstünlükdür” – deyə MMC-dən qeyd ediblər.

  Qeyd edək ki, yeni poçt şöbəsinin yaradılması ilə istifadəçilər bank və maliyyə xidmətləri ilə yanaşı məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsini də təmin edəcək.
 
RƏVAN
 




28/08/15    Çap et