Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi sahəsində də məmur-vətəndaş əlaqələri minimal səviyyəyə enəcək”


18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsi işlənib hazırlanıb. Həmin layihədəki yeni meyarlar qeyd olunan uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi sistemini təkmilləşdirməyə, bu sahədə də məmur-vətəndaş əlaqələrinin minimal səviyyədə  endirməyə imkan verəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri ƏƏSMN-in Tovuz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının iş şəraiti ilə tanış olarkən deyib. Nazir tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi barədə ölkə başçısının tapşırığının icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Əlillik təyinatında  məmur-vətəndaş ünsiyyətinin minimuma enməsinə xidmət edən islahat tədbirlərindən bəhs edən nazir son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün görülən işlərin əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğunu qeyd edib:
 
“Təkcə cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3 min nəfər azalıb, tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. Bu dövrdə eyni zamanda, ilkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları 11,8%, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı isə 2639 nəfər azalıb”.
 
S.Müslümov bildirib ki, tibbi-sosial ekspertiza xidmətinin yaxşılaşdırılması işlərindən biri kimi, ötən ilin ortalarından etibarən artıq nazirliyin 38 TSEK-indən 27-i yeni iş şəraiti və tibbi avadanlıqlarla təmin edilib. Həmin komissiyalar əməkdaşların fəaliyyəti, vətəndaşların qəbulu və əlillik müayinələrinin aparılması üçün artıq müasir iş şəraitinə malikdir. Digər tərəfdən,  TSEK-lər ƏƏSMN-in müvafiq region üzrə digər qurumları eyni inzibati binalarda yerləşdirilir ki, bu da nazirliyin aidiyyəti fəaliyyət sahələri üzrə əhaliyə eyni məkandan xidmətlərin göstərilməsinə, fəaliyyətin əlaqəli şəkildə səmərəli təşkilinə yönəlib.
 
 
Nazirlikdən qeyd edilib ki, tibbi-sosial ekspertiza sisteminin tam elektronlaşdırılması üçün vacib tədbirlər davam edir. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.
 
 
Həqiqət İSABALAYEVA




28/08/15    Çap et