Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformatika və hesablama texnikasının əsasları” kursunun 30 ili tamam olur
Gələcək İT mütəxəssislərinin hazırlanmasında əsaslı yer tutan “İnformatika və hesablama texnikasının əsasları” kursunun sentyabrın 1-də ümumtəhsil məktəblərində tədrisə başlanmasının 30 ili tamam olur.
Bununla bağlı fikirlərini “Rabitə dünyası” ilə paylaşan Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov qeyd edib ki, Azərbaycanın ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisinin inkişafını 4 mərhələyə bölmək olar. Birinci mərhələ 1985-1992-ci illəri əhatə edir:
“Bu mərhələdə “İnformatika və hesablama texnikasının əsasları” fənni 9-10-cu siniflərdə tədris olunurdu və “Alqoritmlər. Alqoritmik dil”, “Məsələ həlli üçün alqoritmlərin tərtib edilməsi”, “EHM-in quruluşu”, “Proqramlaşdırma ilə tanışlıq (Alqoritmik dil, Rapira, Basic)”, “EHM-in müasir cəmiyyətdə yeri. Hesablama texnikasının inkişaf perspektivləri” kimi mövzuları əhatə edirdi. İkinci mərhələ 1993-2004-cü illərdir. Ümumtəhsil məktəblərinin 10-11-ci siniflərini əhatə edən bu fənn milli müəlliflərin yazdığı dərslik əsasında tədris olunurdu. Məzmun olaraq əvvəlki proqram əsas götürülsə də, müəyyən əlavələr edilmişdi. Buraya “Alqoritmlər”, “Kompüterlərin hesabi və məntiqi əsasları”, “Kompüterlər”, “Proqramlaşdırmanın əsasları (Basic )”, “Əməliyyat sistemləri (MS-DOS)”, “İnformasiya modeli. Verilənlər bazası”, “Kompüterlərin tətbiqləri” daxil idi”. Üçüncü mərhələ 2005-2007-ci illəri əhatə edib. Nazirlik rəsmisi qeyd edir ki, ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə Dövlət Proqramının qəbul edilməsi yeni mərhələnin başlanğıcı oldu.
Eyni zamanda “İnformatika və informasiya texnologiyaları” kursunun 5-11-ci sinifləri əhatə edən yeni proqramı təsdiq edildi, yeni dərsliklər hazırlandı. Fənnin dördüncü mərhələsinə gəlincə, 2008-ci ildən başlayan bu tarix hazırda davam edir: “Milli kurikulumların qəbulu ilə bağlı “İnformatika” fənninin 1-ci sinifdən tədrisinə başlanılıdı. Bir sıra istiqamətləri əhatə edən yeni məzmun təsdiq edildi ki, buraya da “İnformasiya və informasiya prosesləri”, “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma”, “Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri”, “Cəmiyyətin informasiyalaşdırılması” daxildir”.
Şöbə müdiri bu fənnin gələcəyi ilə bağlı gözləntilərdən də söz açıb:
“Hazırda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq 12 illik təhsilə keçidə hazırlıq işləri gedir. Bu keçid bütün fənlərin, o cümlədən “İnformatika”nın da məzmununda müəyyən dəyişikliklərin aparılmasını zəruri edir.
Hesab edirəm ki, dördüncü mərhələdə olan məzmun xətlərindən 2 və 3 xəttinə (“Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma”, “Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri”) daha çox diqqət ayrılmalıdır”.
Həqiqət İSABALAYEVA
01/09/15 Çap et