Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın startap komandası ABŞ universiteti ilə danışıqlara başlayıb


Azərbaycanın  startap layihəsi "Braille Pad" ABŞ-da Kaliforniya Universiteti ilə birgə fəaliyyət haqda danışıqlara başlayıb.
 
Hazırda Los-Ancelesdə danışıqlar aparan komanda "hardware" və "software" işlərinin, o cümlədən marketinq araşdırmalarının birinci mərhələsini tamamlamaq niyyətindədir. Universitetin Materialşünaslıq və mühəndislik bölməsinin professoru Qibing Pey və layihənin həmtəsisçisi Murquz Tağıyev arasında keçirilən görüşdə artıq razılıq əldə edilib.
 
 Layihənin rəhbəri Rəşid Əliyevin sözlərinə görə, komanda üzvləri yaxın günlərdə təkliflərin qiymətləndirilməsinə başlayacaqlar. Prosedur qaydalarına uyğun olaraq, müvafiq şərtlərin icrası başa çatdıqdan sonra tərəflər arasında müqavilənin bağlanması nəzərdə tutulur.
 
 
Qeyd edək ki, "Braille Pad" layihəsinin əsas xüsusiyyəti görmə məhdudiyyəti olan insanlara onların istifadə etdiyi və fransız Luis Brayl tərəfindən yaradılan "Brayl" əlifbası ilə yazma və oxuma imkanını yaratmasıdır.
 
Layihənin hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas məqsədidir.
 
Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur. İlk uğurunu Ukraynada təşkil olunan "Vernadsky Challenge" – də dördüncülük qazanaraq əldə edən "Braille Pad" layihəsi bundan sonra Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilən "Yeni Fikir 2015" müsabiqəsində də dördüncü yeri qazanıb.
 
 
Həqiqət İSABALAYEVA




01/09/15    Çap et