Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ilə daşınan elektronika bazarının həcmi üç dəfə artacaq


«CCS Insight» analitiklərinin proqnozuna əsasən, yaxın 5 ildə daşınan elektronika bazarının həcmi üç dəfə artacaq.

Mütəxəssislərin qiymətləndirməsinə görə, «ağıllı» saat, fitnes qolbaq, virtual və artırılmış reallıq (VR/AR, Virtual Reality/Augmented Reality) qurğuları, həmçinin daşınan kameralar daxil olmaqla cihazların satış həcmi 2015-ci ildə 84 milyondan 2019-cu ildə 245 milyonadək artacaq.
 
 
«Ağıllı» saatlar sözügedən bazarda əsas gəlir mənbəyi olacaq: 2015-ci ildə bu tip qurğular 9 milyard dollar gəlir qazandıraraq ümumi gəlirin 61 faizini təmin edəcək.
 
 
2019-cu ilədək fitnes-trekerlər bazarda ən populyar kateqoriya olacaq. Analitiklər hesab edirlər ki, cari ildə bu qurğuların satış həcmi iki dəfə  artacaq və ümumiyyətlə daşınan elektronikanın tədarük həcminin 50 faizindən çoxu «ağıllı» qolbaqların payına düşəcək.
 
 
Təxmin edilir ki, Çində «ağıllı» qolbaqlara daha çox tələbat olacaq. «CCS Insight»in proqnozuna görə, 2015-ci ildə Çində 18,5 milyon «ağıllı» qolbaq satılacaq və 2018-ci ildə bu ölkədə qurğuların satış həcmi ABŞ-dan 2 dəfə, Qərbi Avropadan isə 2,5 dəfə çox olacaq.
 
 
Daşınan elektronikanın populyarlaşmasına və bir çox şirkətlərin bu tip cihazlarla maraqlanmasına baxmayaraq, ekspertlər xəbərdarlıq ediblər ki, bu bazar smartfon biznesi kimi istehsalçıların gəlirinin azalması ilə nəticələnən pərakəndə qiymətlərin sürətli ucuzlaşmasından sığortalanmayıb.
 
 
Emil Hüseynov




02/09/15    Çap et