Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın vaxtlarda turizm informasiya mərkəzlərinin saytları yaradılacaq
Turizmin inkişaf və təbliğ etdirilməsi istiqamətində elektron vasitələrdən və İKT-dən geniş istifadə etmək lazımdır. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev bildirib.
Bakı Turizm İnformasiya Mərkəzində bölgələrdə turizmin inkişafı, bu sahədə fəaliyyətin genişləndirilməsi, turizmin təbliğinə həsr olunan treninqdə Z.Əliyev turizmin təbliği istiqamətində İKT-nin əlverişli imkanlarının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, hazırda bütün dünyada internet və elektron vasitələrdən turistin cəlb olunması istiqamətində əhəmiyyətli dərəcədə istifadə edirlər. Azərbaycanda da istirahət bölgələrinin təbliğində İKT-nin üstünlüklərindən yararlanmağa başlandığını vurğulayan direktorun qənaətincə, artıq bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir.
Bu il yaradılan Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarının turizm informasiya mərkəzlərinin nümayəndələrinin də iştirak etdiyi bildirilib ki, bu gün ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Paytaxtla yanaşı, bölgələrdə də yeni turizm mərkəzləri, hotellər inşa edilir. Bununla bağlı həm turizm informasiya mərkəzləri, həm də turizm şirkətləri işini günün tələblərinə uyğun qurmalıdır. Bölgələrə səfər edən turistləri düzgün istiqamətləndirmək, onların istəklərinə uyğun hotellərdə yerləşdirərək yüksək səviyyədə xidmətin təşkil olunması vacibdir ki, turist gələcəkdə yenə həmin turizm müəssisəsinə gəlmək istəsin. Bölgə haqqında müxtəlif dillərdə ətraflı məlumatların əks olunduğu, turistlərin mənalı istirahətinin təşkili üçün muzeylərə, teatrlara və tarixi abidələrə ekskursiyaların təşkili barədə dolğun informasiyanın yer aldığı çap və elektron vasitələrindən geniş istifadə etmək lazımdır.
Zakir Əliyev bölgələrdə yerləşən turizm obyektləri ilə sıx əlaqələrin qurulmasının, keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda iştirakın vacibliyini diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov turizmin təbliğində yeni imkanlardan söz açıb. O bildirib ki, müasir informasiya vasitələrindən və sosial şəbəkələrdən geniş istifadə etmək lazımdır: “Sosial şəbəkələrdə bölgənin turizm imkanları haqqında ətraflı məlumatlar yerləşdirilməlidir. Biz də bu sahədə bütün turizm informasiya mərkəzlərinə öz köməkliyimizi göstəririk. Yaxın vaxtlarda yeni təşkil olunan turizm informasiya mərkəzlərinin də saytları yaradılacaq”.
SEYMUR
03/09/15 Çap et