Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrın 21-də “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək


Sentyabrın 21-də “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək. Təhsil Nazirliyindən bildirilib ki, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyalarda təşkil olunacaq. 
 
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
 
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər.
 
 
“Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsinin (TK) tərkibi bir çox qurumların nümayəndələrindən ibarətdir.
 
Təşkilat Komitəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edir. Bundan başqa, TK-də Azərbaycan İnternet Forumu, “Edumedia Azərbaycan” təşkilatı, “Microsoft-Azərbaycan” Təhsil Proqramı, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Ultra” şirkəti, “AZEDUNET” təşkilatının nümayəndələri təmsil olunurlar.  
 
“Elektron Təhsil” Respublika müsabiqəsinə “Müəllim” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalarına “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”; “Təhsildə ən yaxşı İnternet texnologiyaları” ; “Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs”; “Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/ sənəd” nominasiyaları daxildir. “Şagird” istiqaməti üzrə təqdim edilən işlər “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur”; “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyalar üzrə qiymətləndiriləcək.
 
 
Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi hədiyyələr təqdim olunacaq.
 
 
Həqiqət İSABALAYEVA




04/09/15    Çap et