Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliKart” Prosessinq Mərkəzinin rəhbəri: “Həm “Elektron hökumət”, həm də “Hökumət Ödəniş” portalı ilə kart məlumatlarının saxlanılması üzərində işlər aparılır”


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) təşkil edilən “Elektron hökumət” bülleteninin növbəti sayına həsr olunmuş brifinqdə “CİB.az” mobil əlavənin təqdimatı keçirilib. “MilliKart” Prosessinq Mərkəzinin rəhbəri Cəlal Orucov qeyd edib ki, CİB - mobil telefondan pul köçürməyə, xidmətləri ödəməyə, aparılmış əməliyyatların detallarına baxmağa imkan verən sadə və rahat mobil əlavədir. Hesaba məhdudiyyət qoyulmadan kart əlavə etmək mümkündür:
 
 
C.Orucov “Elektron hökumət” portalında kartlar vasitəsilə ödəniş imkanlarının artırılması istiqamətində aparılan işlərdən də danışıb: “Elektron hökumət” portalında bütün növ ödənişlərin kartlar vasitəsilə ödənilməsinə imkan yaradırıq. Artıq “Hökumət Ödəniş” portalında bu inteqrasiyalar həyata keçirilib. Bir ildən çoxdur ki, “Hökumət Ödəniş” portalında kartlar vasitəsilə bütün ödənişləri ödəmək imkanı var.” Portalların əsasən internet üzərindən işlədiyini vurğulayan mərkəz rəhbəri xüsusən gənc nəslin mobil telefon üzərindən əməliyyatlar aparmağa meyil etdiyini qeyd edib:
 
“Buna görə də biz “CİB” adlı yeni layihəyə başladıq. Məqsəd müştəriyə mobil telefon üzərindən kart vasitəsilə istənilən ödənişi həyata keçirməyə imkan verməkdir. Hazırda “CİB”-dən 40-dan çox ödəniş növü var. Nəzərə alsaq ki, dövlət ödənişlərinin sayı 100-dən çoxdur, biz hamını deyil, müəyyən dövlət ödənişlərini “Hökumət Ödəniş” portalının hesabına qoşduq. İndiki mərhələdə iki dövlət ödənişini – Dövlət Yol Polisinin cərimələrin ödənilməsi və Vergilər Nazirliyinin fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi ödəmələrini qoşmuşuq. Növbəti mərhələdə əlavə dövlət ödənişlərini də qoşmağı planlaşdırırıq”.
 
Bu xidmət isə mərkəzin “Facebook” səhifəsi istifadəçiləri tərəfindən irəli sürülən təkliflər əsasında müəyyənləşəcək:
 
 “Paralel olaraq, həm “Elektron hökumət”, həm də “Hökumət Ödəniş” portalı ilə kart məlumatlarının saxlanılması sahəsində də işlər aparılır”.
 
Əvvəllər kart vasitəsilə ödənişlər zamanı kartdakı məlumatların dəfələrlə daxil edilməsinin müştəri üçün müəyyən çətinliklər yaratdığını deyən C. Orucov kart məlumatlarının saxlanılması funksiyasının bu problemləri aradan qaldırdığını deyib:
 
 “Bu da ödənişin sürətini qat-qat artıracaq, eyni zamanda tənbəl müştərilərin bu portallara cəlb olunmasına da stimul yaradacaq. “CİB.az” mobil əlavəsinin 40 gün əvvəl fəaliyyətə başlamasına baxmayaraq, bu gün  10 mindən artıq müştəri bu əlavəni telefonuna yükləyib. “Windows mobile” üzərində də yeni mobil əlavə hazırlanır, yaxın vaxtlarda onu da yükləmək mümkün olacaq. Ümid edirik ki, bu əlavələr populyarlıq qazanacaq”.
 
 
 
Həqiqət İSABALAYEVA





11/09/15    Çap et