Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azneft” İB-də bir sıra proqram təminatlarının tətbiqinə start verilib


“Azneft” İstehsalat Birliyində bu ildən başlayaraq effektivliyin artırılması məqsədilə bir sıra yeni proqramların tətbiqinə start verilib.
 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müasir dünyada informasiya texnologiyalarının tətbiqi istehsalat sahələrinin idarə olunmasında mühüm yer tutur. SOCAR-ın “Azneft” İstehsalat Birliyində də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə və proqram təminatının təkmilləşdirilməsinə böyük önəm verilir.
 

İB-dəki yeni proqramlardan biri “Neft və qazın hesabatı”dır. Bu proqram vasitəsilə neft və qazın müvafiq parametrləri (təzyiq, sərf və sair) sistemə daxil edilməklə birlik üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır. Neft və qazın dəyişmə dinamikasına (cədvəl və qrafik formasında) real vaxt rejimində (online) nəzarət etmək mümkündür.
 

Yeni istifadə olunan digər bir proqram “Xidmətin idarə edilməsi” - “İş sifarişi” proqramıdır. Bu, yerinə yetirilən işlər haqqında məlumatların kompüter bazasında saxlanması sistemidir və işçilərə gündəlik vəzifələrini yerinə yetirməkdə yardım üçün nəzərdə tutulub. Cari ildə tətbiqinə başlanılan “Gəmi saatları”nın hesabatı proqramı vasitəsilə SOCAR üzrə sifariş olunan gəmilərin iş saatları sistemə daxil edilir, gəmi və gəmi növləri üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır, müxtəlif kalkusiyalarda istifadə olunur. Tətbiq edilən “Əmək şəraiti və tikintiyə nəzarət” proqramı isə “Azneft” İB-nin struktur bölmələrində əmək şəraitinə və tikinti işlərinə nəzarəti gücləndirir.






14/09/15    Çap et