ABŞ tənzimləyici orqanları "Nokia” və “Alcatel-Lucent” arasında sazişi təsdiq edib
ABŞ Xarici investisiyalar komitəsi Finlandiyanın “Nokia” şirkətinə “Alcatel-Lucent” Fransa-ABŞ şirkətini satın almağa icazə verib. Bu barədə Finlandiya şirkətinin saytında deyilir.
Bundan əvvəl saziş ABŞ Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Məlumata görə, şirkətlər digər tənzimləyici orqanların da sazişi tezliklə təsdiq etməsi üçün onlarla sıx əməkdaşlıq etməkdə davam edəcəklər. “Alcatel-Lucent” şirkətinin satın alınmasını “Nokia” səhmdarları da təsdiq etməlidir.
Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb. 2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir. İyulun sonunda saziş Avropa Komissiyası tərəfindən təsdiqlənib.
“Alcatel-Lucent”in satın alınması Finlandiya istehsalçısına İsveçin "Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək.
2014-cü ildə şirkətlərin ümumi gəliri 27 milyard dolları ötüb. Əməkdaşların ümumi sayı isə 100 minə yaxındır, -
"NEWSru” yazır.