Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon şirkəti süni intellekt yaradır


Yaponiyanın “Toyota” avtomobil nəhəngi Massaçusets İnstitutu və Stenford Universitetinin birgə tədqiqat layihəsinə 50 milyon dollardan çox sərmayə qoymaq qərarına gəlib.

Yaxın 5 ildə bu ali məktəblər yapon şirkəti üçün avtomobili sərbəst idarə etməyə imkan verən süni intellekt yaratmalıdırlar.
 
“ICTnews.az” saytı “dni.ru” saytına istinadən yazır ki, “Toyota” şirkətinin nümayəndələri öz investisiya planları haqda jurnalistlərə məlumat verib. Alimlər qrupu Yapon konserninin vəsaiti hesabına “ağıllı” avtomobil, həmçinin insanların həyatını asanlaşdırmağa kömək edəcək robotların hazırlanması ilə məşğul olacaqlar.
 
Ekspertlər bildirib ki, bu müəssisələr “Toyota” şirkəti tərəfindən təsadüfən seçilməyib. Artıq bir neçə ildir ki, bu müəssisələrdə kompüter təlimi, böyükhəcmli məlumatların təhlili, insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində tədqiqatlar aparılır. “Google” və “Apple” korporasiyaları bu texnologiyalarla artıq maraqlanıb, bu şirkətlər, həmçinin “ağıllı” avtomobilin yaradılması sahəsində işlər aparır.
 
Emil Hüseynov
 
 
 
 




15/09/15    Çap et