Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalının “Fikir bankı”na yeni təkliflər daxil olub
Sentyabrın birinci ongünlüyündə “Elektron hökumət” portalının “Fikir bankı”na 3 təklif göndərilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ilk təklif “e-gov.az” portalında şəxsi məlumatların yenilənməsi imkanının yaradılması ilə bağlı olub. İstifadəçi İnal Hüseynli “Elektron hökumət” portalında Hökumət Ödəniş Portalında olduğu kimi “Şəxsi məlumatları yenilə” düyməsinin olması, şəxsi məlumatların avtomatik şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən yenilənməsi təklifi ilə çıxış edib. O, təklifini belə əsaslandırır: “Misal üçün ailə həyatı qurmamışdan əvvəl qeydiyyatdan keçmiş vətəndaş evləndikdən sonra soyadı dəyişdikdə 157-yə zəng edib dəyişdirməyə ehtiyac olmasın”.
Turizm sənayesində çalışan Samir Babazadə isə öz təklifində turizm və hotelçilik fəaliyyəti üçün nəzərdə tutulmuş lisenziyaların “ASAN” xidmət və “e-gov.az” portalı vasitəsi ilə rəsmiləşdirilməsini arzu etdiyini bildirir.
Portal istifadəçisi Elmir Zahidlinin təklifi isə Dövlət Yol Polisi ilə bağlıdır. Belə ki, E.Zahidli maşınların radara düşməsi və ya axtarışda olmasının “Elektron hökumət” portalı üzərindən yoxlanılması imkanını yaratmağı faydalı hesab edir.
Qeyd edək ki, indiyədək “Fikir bankı”na 194 təklif göndərilib. Onlardan 119-u qəbul olunub, 74-ü ləğv edilib, 1-i isə gözləmədədir.
CAHANGİR
15/09/15 Çap et