Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Kitabxana Mərkəzinin fəaliyyəti təkmilləşdirilir


Azərbaycan Milli Elmlər Akademiyasının  İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, institutun şöbə müdiri Mədinə Səidova iclasda Elektron Kitabxana Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verib.
 
Hazırda kitabxanada RFİD çiplərdən istifadə olunduğunu diqqətə çatdıran M.Səidova burada kitab sifarişinin “Alephino Acqusition” bölməsindən avtomatik həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, “İEEE”, “ACM”, “Oxford English Dictionary Online”, “Oxford Reference Online”, “Royal Society Journals Collection” və s. kimi rəqəmsal elmi bazalara mövcud çıxış imkanlarının daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
 
Mərkəzdə Bibliometriya sektoru yaradılır və bu istiqamətdə birgə tədqiqatlar aparılır. Mərkəzdə aparılan elmi araşdırmaları əks etdirən 6 ekspress-informasiya işıq üzü görüb.
 
Kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyasından istifadə olunur.
 
Kitabxanada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
 
Aynur Vəliyeva
 




16/09/15    Çap et