Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün texniki infrastruktur hazırlanır
Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün texniki infrastruktur, habelə bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanır. Hazırda müvafiq proqram təminatları test yoxlamaları əsasında təkmilləşdirilir. Bu yeni sistem aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd edilib ki, ölkəmizdə sosial rifah halının getdikcə yaxşılaşması və sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin artırılması nəticəsində ünvanlı dövlət sosial yardımı alanların sayı ötən ay da azalmaqda davam edib.
Cari ilin avqust ayında respublikamızda 117846 ailə (511963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10561 ailə (49433 nəfər ailə üzvü) və ya 8,2 % azdır. Ailə üzvlərinin sayına görə isə azalma 8,8 % təşkil edib.
Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243085 nəfər, o cümlədən, 1 yaşadək ailə üzvlərinin sayı 5838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5640 nəfərdir.
Bu yardımın təyin olunduğu ailələrin 33433-ü tərkibində 3 və daha çox uşağı olanlardır.
Həqiqət İSABALAYEVA
17/09/15 Çap et