Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada elektron ticarət bazarının həcminə görə hansı ölkə liderdir?


Avropada elektron ticarət bazarının həcmi sürətli templə artmağa davam edir. 2014-cü ildə Avropada elektron ticarət bazarının həcmi 13,9 faiz artaraq 426,8 milyard avro təşkil edib. Ancaq Avropa əvvəlki kimi Asiya-Sakit okean regionundan geri qalaraq dünyada elektron ticarətin həcminə görə ikinci bazar olaraq qalır.
 
Bu haqda Elektron Ticarət Fondu («Ecommerce Foundation») tərəfindən tərtib edilmiş "B2C Ecommerce 2015 Qlobal bazarı" hesabatında qeyd edilib. Məlum olub ki, ötən il dünya ÜDM-nin 2,64 faizi internet üzərindən məhsul və xidmətlərin satın alınmasına xərclənib. "İlk baxışdan bu göstərici az görsənsə də, amma 2010-cu ildən etibarən 100 faizdən çox artıb. Bu, son bir neçə ildə elektron ticarətin yüksək inkişafına sübutdur" - «Ecommerce Foundation» direktoru Coriş Abraham deyib.
 
Hesabata əsasən, 2014-cü ildə Asiya-Sakit okean regionu dünyanın ən böyük elektron ticarət bazarı olub. Avropa ikinci pillədə qərarlaşıb və Asiya-Sakit okean bazarının artım sürəti Avropanın müvafiq göstəricisini o qədər ötür ki, bu, regionlar arasında daha böyük fərqin yaranmasına gətirib çıxara bilər.
 
Avropa əhalisinin 75 faizinin internetə çıxışa malik olmasına baxmayaraq, yaxın illərdə dünyada «e-commerce» bazarı üzrə lider ola bilməyəcək. Müqayisə üçün Asiya-Sakit okean regionunda yaşayan əhalinin 39 faizi internetə çıxış imkana malikdir. Adambaşına düşən gəlirin artması və pərakəndə ticarət infrastrukturunun yaxşılaşması fonunda Asiya-Sakit okean regionunda «B2C» elektron ticarətin dövriyyəsi yaxın gələcəkdə daha güclü inkişaf edəcək.
 
Tədqiqata əsasən, ötən il Avropada 273,9 milyon insan internet üzərindən satınalma edib. Bu göstərici Şimali Amerika (195,5 milyon) ilə müqayisədə çox, amma Asiya-Sakit okean regionu (523,1 milyon) ilə müqayisədə olduqca azdır. Avropa istifadəçiləri internet üzərindən alış-verişə orta hesabla 1558 avro, amerikalılar 2013 avro xərcləyir.
 
Ölkələrə gəlincə, dünyada elektron ticarət bazarının həcminə görə Çin birinci pillədə, ikinci pillədə ABŞ, üçüncüdə isə Böyük Britaniya qərarlaşıb.
 
Emil Hüseynov





19/09/15    Çap et