Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT: “İlin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək”


2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək. Bu isə planet əhalisinin təxminən hamısının mobil rabitə şəbəkələri ilə əhatə olunması deməkdir. Bu barədə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunmasında tərəqqinin qiymətləndirilməsi üzrə məqsədli qrupun hesabatında deyilir.

"Məqsədli qrupun qiymətləndirilməsinə görə, 2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək və planet əhalisinin 95 faizindən çoxu mobil rabitə şəbəkələri ilə əhatə olunacaq", - BMT-nin yaydığı pres-relizdə deyilir. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2015-ci ilin iyuluna olan məlumata görə, Yer kürəsi əhalisinin ümumi sayı 7,3 milyard nəfərə yaxındır.

Məqsədli qrupun hesabatında internetdən ümumi istifadənin təminində irəliləyişin olması qeyd olunur. Tədqiqatçıların məlumatına görə, hazırda planet əhalisinin 43 faizi internet istifadəçisidir. Həmçinin internet istifadəçilərinin sayında kəskin artım daha çox inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.

"İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə inkişafın elektron dövlət xidmətləri kimi böyük məqsədlərinə nail olmaq üçün mühüm alət ola bilər", - BMT bildirir. Təşkilat müasir texnologiyaların tətbiqi üzrə daha çox səy göstərməyə çağırış edərək xüsusilə daha çox ehtiyac duyan, lakin tariflərin yüksək olmasına görə ondan istifadə imkanından məhrum olan ölkələrə diqqət yetirir.

İKT-nin tətbiqi inkişaf naminə qlobal tərəfdaşlığın formalaşdırılması üçün nəzərdə tutulan səkkizinci MİM-in tərkib hissəsidir. Məqsədli qrup son hesabatını məhz bu vəzifəyə nail olmağa həsr edib. Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə çoxlu problemlər qalmaqdadır. Məsələn, sosial rifahı yüksək olan ölkələr maddi rifahı zəif inkişaf etmiş ölkələrin inkişafının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyiblər.

"Sənaye baxımdan inkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirsəydi, 2014-cü ildə inkişaf məqsədləri üçün rəsmi yardımın məbləği 135 milyard dollar deyil, 326 milyard dollar təşkil edərdi", - BMT-nin İnkişaf Proqramının inzibatçısı Helen Klark məqsədli qrupun hesabatını təqdim edən zaman bildirib.

Sentyabrın 25-27-də BMT-də yoxsulluğun, aclığın və cinslər arasında qeyri-bərabərliyin aradan qaldırılmasını nəzərdə tutan inkişafın yeni məqsədlərinin təsdiq ediləcəyi sammit keçiriləcək. BMT baş katibi Pan Gi Mun ümidvar olduğunu bildirib ki, qlobal inkişaf sahəsində yeni məqsədlərin həyata keçirilməsi zamanı məqsədli qrupun bu sahədə beynəlxalq tərəfdaşlığın inkişafı ilə bağlı tövsiyələri nəzərə alınacaq, - "TASS" yazır.  





19/09/15    Çap et