Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet təqdim edib (VİDEO)
“Microsoft” şirkəti “BUİLD” (13-16 sentyabr, Kaliforniya, ABŞ) konfransının iştirakçılarına “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet prototiplərini paylayıb.
“Windows 8 Developer Preview” adlandırılmış mini- kompyuter “Samsung” şirkəti ilə birlikdə hazırlanıb; “İntel” platforması planşetin aparat əsasını təşkil edir.
Qurğunun "ürəyi" 1,6 QHs takt tezliyində işləyən ikinci nəsil “Core i5” prosessorudur. Əməli yaddaş tutumu 4 QB-a bərabərdir; sərt daşıyıcının tutumu 64 QB-dır.
Planşet 11,6 düym diaqonal ilə sensor ekranla təchiz olunub, ekranın kəskinliyi 1366×768 pikseldir. Prototip 2 kameraya (ön və arxa), “HDMİ” və “USB” portlarına,”MicroSD” formatlı kartlar üçün slota və “sim kart” üçün konnektora malikdir.
“Windows 8 Developer Preview” planşetləri yaradıcılara “Windows 8” platforması üçün optimallaşdırılmış proqramların yaradılmasında və əməliyyat sisteminin yeni imkanlarının yoxlanılmasında kömək edəcək. İstehlak bazarında belə qurğular 2012-ci ilin ikinci yarısından sonra çıxacaq.