Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir: “Azərbaycan və Portuqaliyanın iş adamları bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər”


Belə bir təkliflə Portuqaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jorj Kabral çıxış edib. O, energetika naziri Natiq Əliyevlə keçirdiyi görüşdə hər iki ölkə üçün fayda verə biləcək bir sıra təkliflər irəli sürüb. Səfir J.Kabral bildirib ki, Portuqaliya hökumətinin məqsədi ölkənin enerji asılılığını qismən azaltmaq, bu sahədə səmərəliliyi artırmaq və enerji təhlükəsizliyini bərpa etməkdir. Portuqaliyanın, əsasən günəş, külək, geotermal, su və biokütlə enerjisindən istifadə etdiyini deyən  səfirin sözlərinə görə, Azərbaycan və Portuqaliyanın iş adamları bu sahədə əməkdaşlıq edə bilər və bunun üçün hər iki ölkə böyük potensiala malikdir.

Səfir, eyni zamanda, ölkələrimiz arasında aparılan ticarət əlaqələrini önə çəkərək bildirib ki, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin həcmi 176, 52 mln. ABŞ dolları olub. Onun sözlərinə görə, gələcəkdə biznes-forum və işgüzar görüşlərin keçirilməsi isə iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər.

Azərbaycanın qlobal enerji məkanında mövqeyi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihə kimi “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi istiqamətində görülən işlər barədə səfirə məlumat verən nazir Natiq Əliyev bildirib ki, neftin qiymətinin düşməsi belə iri layihələrin icrasına təsir etməyib. Nazir əlavə edib ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli olmaqla yanaşı, Türkiyə, Gürcüstan və bir sıra ölkələrin timsalında həm də investisiya ixracatçısı kimi mühüm layihələrə imza atır. O, Portuqaliya ilə də enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu məqsədlə “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Portuqaliya Respublikasının Ətraf Mühit, Planlaşdırma və Enerji Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının və Ticarət-İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın yaradılmasının vacibliyi qeyd olunub.
 
SEYMUR





19/09/15    Çap et