Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3D çap vasitəsilə tikilmiş evlər tezliklə planetimizin ayrılmaz hissəsinə çevriləcək


İtaliyanın «WASP» («World's Advanced Saving Project») təşkilatı «Big Delta» adlı dünyanın ən böyük «3D» printerini təqdim edib. 12 metr hündürlüyündə olan bu printer yerli materiallardan və az enerjidən istifadə etməklə çox ucuz  evlərin tikintisi üçün nəzərdə tutulub. Qurğunu təbii kataklizmlər baş vermiş problemli zonalara daşıyaraq öz evindən məhrum olmuş insanlar üçün müvəqqəti və ucuz evlər tikmək olar.

«ICTnews.az» saytı «hi-news.az» saytına istinadən yazır ki, çox az büdcə ilə evlərin ucuz və sürətli tikilməsi imkanı yalnız planetdə deyil, həm də kosmosda lazım olacaq. Kosmosda bu texnologiya gələcək konstruksiyaların dizayn seçimi məsələlərində geniş imkanlar təqdim edəcək və başqa yolla tikilməsi sadəcə qeyri-mümkün olan strukturların yaradılmasına imkan verəcək.

Bildirək ki, 3D printer vasitəsilə çap edilmiş evlər tezliklə planetimizin ayrılmaz hissəsinə çevriləcək. BMT-nin proqnozuna əsasən, yaxın 15 il ərzində planetdə gündəlik təxminən 100 minlərlə yeni ev və məktəb tikintisinə ehtiyac olacaq.

3D çap sayəsində tikilmiş evlərin ucuz və sürətli başa gəlməsi yoxsul ölkələrdə və müxtəlif təbiət kataklizmlərindən zərər çəkmiş regionlarda ev çatışmazlığı məsələlərini həll edə bilər.

Emil Hüseynov




21/09/15    Çap et