İlin sonunadək Belarusda “LTE” şəbəkəsi istifadəyə veriləcək
2015-ci ilin sonunadək Belarus dördüncü nəsil “LTE” rabitə şəbəkəsini tətbiq edən ölkələr sırasına qoşulacaq. Texnologiyanın ölkədə tətbiqi yerli “beCloud” infrastruktur operatorunun planlarına daxildir.
“2015-ci ilin sonunadək Minskdə “LTE Advanced” şəbəkəsinin kommersiya istifadəsinə verilməsi nəzərdə tutulur. Artıq avadanlığın tədarükü və quraşdırılması ilə bağlı sazişlər imzalanıb”, - şirkət nümayəndələri bildiriblər.
“LTE Advanced” şəbəkəsi məlumatları saniyədə 300 meqabit sürətində göndərməyə və qəbul etməyə imkan verir.
“beCloud” infrastruktur operator funksiyasını (şəbəkənin qurulması) yerinə yetirəcək. Şəbəkənin istismarı ilə “MTS, “Velcom” və “life” operatorları məşğul olacaq. Bunun sayəsində operatorlar texnologiyanın tətbiqi üçün xərcləri 3 dəfə azalda biləcəklər. “beCloud” trafiki digər operatorlara yenidən satacaq.
Belarus Rabitə Nazirliyinin statistikasına görə, ölkədə genişzolaqlı internet istifadəçilərinin sayı 2,7 milyon təşkil edir. Ölkə əhalisinin ümumi sayı isə 2013-cü ilə olan məlumata görə, 9,5 milyon nəfərə bərabərdir, -
“Telekomza” yazır.