Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İKT sahəsində fəaliyyət göstərən qadınların yay düşərgəsi keçirilib


Bakıda “FEMMES DIGITALES” klubunun və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Bakcell” və “Engineering for Kids Azerbaijan” təşkilatlarının dəstəyi ilə İKT Qadınlarının Yay Düşərgəsi keçirilib.
 
Tədbir çərçivəsində  “FEMMES DIGITALES” klubunun təsisçiləri Yana Krimpe və Səbinə Məmmədlinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Natəvan Məmmədovanın, “M-Group Production” şirkətinin təsisçisi Murad Dadaşovun, ADA Universitetinin İT və Mühəndislik Məktəbinin dekan əvəzi Fuad Hacıyevin məruzələri dinlənilib.
 
İT ixtisas üzrə təhsil alan hər min nəfərdən cəmi 20 nəfərin qız olduğu və onların da cəmi 4 nəfərinin ixtisası üzrə peşəkar fəaliyyət ilə məşğul olduğu bildirilib.
 
Biz çox hallarda valideynlərin texnologiyalarla bağlı ixtisaslar üzrə qızlarının təhsil almasını alqışlamadığı və bu sahə üzrə ixtisaslarda kişilərin daha uğurlu olması ilə  bağlı stereotiplərin qırılması zamanı gəldiyi qeyd edilib.
 Bundan başqa ailədə və iş kollektivində qadınların məxsusi rolu   haqda bəhs edilib. Məruzəçilər tərəfindən qadınların aktiv işgüzar fəaliyyətinin və rəhbər vəzifələr uğrunda mübarizəsinin əsas məqsədi kişilərin yerini tutmaq deyil, onlara dəstək olmaq olduğu bildirilib.
 
Bundan başqa tədbir iştirakçılarına öz brendini yaratmaq və bu brendi tanıtmağın yolları ilə bağlı məlumatlar verilib.
 
Bazar günü keçirilən tədbirdə İKT sahəsində çalışan qadınlar övladları və həyat yoldaşları ilə birgə iştirak ediblər. Uşaqlar üçün açıq havada ayrıca əyləncə proqramı təşkil edilib, qadınlar isə “FEMMES DIGITALES” klubunun keçirdiyi “Zumba” fitnes proqramı üzrə məşqlərə qatılıblar.
 
Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır.
 
 Klubun yaradılmasında əsas məqsəd qızları və qadınları İKT  sahəsi üzrə təhsil almaq və  karyera qurmaq üçün həvəsləndirmək, gündəlik həyatda informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağa təşviq etməkdən ibarətdir. 
 
Aynur Vəliyeva




21/09/15    Çap et