Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Argentina ilə nüvə tədqiqatları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlər, o cümlədən rabitə, İKT, yüksək texnologiyalar, kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
Argentinanın kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində qazandığı uğurlardan danışan nazir Əli Abbasov ölkəmizdə də bu iki istiqamətin prioritet kimi önə çəkildiyini diqqətə çatdırıb, Azərbaycanın hazırda kosmik sahədə “Azərspace-1” – telekommunikasiya və “Azersky” - Yer səthinin məsafədən müşahidə peykinə malik olduğunu qeyd edib, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyaları sahəsində həyata keçirilən layihələrdən söz açıb.
Argentina Respublikasının Xarici İşlər nazirinin müavini Eduardo Zuain də ölkələrimiz arasında son illər bütün istiqamətlər üzrə uğurlu müstəvidə davam edən əməkdaşlığın mövcud səviyyəsinin məmnunluq doğurduğuna diqqət çəkərək, gələcək əməkdaşlıq istiqamətləri, perspektivləri ilə bağlı öz fikirlərini paylaşıb, Argentinanın kosmik və nüvə texnologiyaları üzrə ixtisaslaşan “İNVAP” şirkətinin rəhbəri isə Azərbaycana təkliflərini səsləndirib.
Görüşdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə edilib.
22/09/15 Çap et