Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb
Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün «Genişzolaqlı İnternetin vəziyyəti» adlı hesabata əsasən, hazırda 3,2 milyard insan internetə çıxış imkanına malikdir ki, bu da dünya əhalisinin 43 faizini təşkil edir.
Ötən il bu göstərici 2,9 milyard nəfərə bərabər olub. İnkişaf etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız 35 faizi üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə vəziyyət xüsusilə ağırdır. Belə ki, əhalinin 90 faizindən çoxu internetə qoşulma imkanına malik deyil.
Qeyd edək ki, internetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkəmizdə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.
Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizi internetə çıxış imkanına malikdir.
2015-ci il üzrə məlumatlara əsasən, ev təsərrüfatlarında internetin nüfuzetmə səviyyəsinin göstəricisinə görə ilk on ölkə Asiya və ya Yaxın Şərqdə yerləşir.
Koreya Respublikası əvvəlki kimi ev təsərrüfatlarında genişzolaqlı rabitənin ən yüksək nüfuzetmə səviyyəsi ilə fərqlənir. Bu ölkədə ev təsərrüfatlarının 98,5 faizi internetə çıxış imkanına malikdir; Qətər (98 faiz) və Səudiyyə Ərəbistanı (94 faiz) bu göstərici üzrə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.
İslandiyada internetdən istifadə edənlərin sayı 98,2 faiz, Norveçdə 96,3 faiz və Danimarkada 96 faiz təşkil edir.
Genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsinə görə lider olan Monako əvvəlki kimi İsveçrəni cüzi olaraq qabaqlayır. Hazırda Monako, İsveçrə, Danimarka, Niderland, Lixtenşteyn və Fransada stasionar genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 40 faizi ötür, halbuki 2013-cü ildə yalnız İsveçrə bu göstəriciyə malik olub.
Hazırda mobil genişzolaqlı rabitə üzrə bütün aktiv müqavilələrin 50 faizi Asiya-Sakit okean regionunun payına düşür və adambaşına düşən 3 müqavilə üzrə Çin bu göstərici üzrə liderdir, Sinqapur (100 nəfərə 156 müqavilə) və Küveyt (100 nəfərə 140 müqavilə) müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Ümumilikdə dünyanın 79 ölkəsində yaşayan əhalinin 50 faizdən çoxu internetə çıxış imkanına malikdirlər. 2014-cü ildə bu göstərici 77 ölkə idi.
İnternetə aşağı çıxış səviyyəsinə malik ölkələr Afrikada Saharadan cənubda yerləşən ölkələrdir.
Emil Hüseynov
22/09/15 Çap et