Sentyabrın 22-də Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru İnna Malyukova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Görüşdə Azərbaycanda innovativ ekosistemin yaradılması, elektron təhsil sistemi, texnologiyaların transferi və ixtisaslaşma ilə əlaqədar əməkdaşlıq məsələləri müzakirə edilib. Tədbirdə, həmçinin innovativ layihələrin ADNSU-ya gətirilməsi, startap məktəblərin yaradılması, texnologiyaların transferi üzrə mütəxəssis hazırlığı, ixtisasdəyişmə, ixtisasartırma və ikinci təhsil üzrə məsələlərə yeni yanaşma metodları ətrafında müzakirələr aparılıb.
Tədbirdə ADNSU-nun rektoru M.Babanlı və İ.Malyukova çıxış edərək universitetin nəzdində startap məktəbinin yaradılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, Ukrayna ilə Azərbaycanın təhsil müəssisələri arasındakı bu əməkdaşlıq tələbələrin ixtisasartırmasında və onların innovativ ekosistemi yaxından öyrənməsinə kömək edəcək.
İ.Malyukova startap layihələrdə gənclərin öz biznes ideyalarını uğurla həyata keçirmək üçün təlimatlandırılacağını söyləyib. Qeyd edilib ki, bu təhsil proqramıdır və bunun üçün birinci növbədə məktəblər yaradılmalı, kreativ gənclər, o cümlədən aspirantlar, doktorantlar, fəal tələbələr orada toplanmalıdır.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.