Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Leyla İmanova: “Dünya informasiya məkanında milli maraqların qorunması və informasiya təhlükəsizliyi sisteminin inkişafına hər müəssisə və təşkilat öz töhfəsini verməlidir”
Bütün sahələrdə olduğu kimi, müasir günümüzdə İKT-nin geniş tətbiq edildiyi əsas istiqamətlərdən biri də kitabxanalardır. İKT-nin kitabxanaların fəaliyyətində yol açdığı yeniliklər, yaratdığı keyfiyyət dəyişikliyinə gəlincə, bununla bağlı məsələlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzinin (MK-İRM) direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova “Rabitə dünyası” ilə söhbətində toxunub.
Mərkəzi Elmi Kitabxanada elektron kataloq və elektron kitabxananın müasir standartlar səviyyəsinə qaldırılması ilə bağlı işlər aparılır
- Ötən müddət ərzində Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzi öz fəaliyyətində hansı yenilikləri tətbiq edib?
- Bu gün Mərkəzi Elmi Kitabxanada elektron kataloq və elektron kitabxananın müasir standartlar səviyyəsinə qaldırılması ilə bağlı işlər aparılır. Hazırda AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 40 000 elektron jurnalı özündə birləşdirən EBSCO (Elton Bryson Stephens COmpany) məlumat bazasının 10 ən dəyərli məlumat yarımbazalarından istifadə edir və ümumilikdə 7000 tam mətnli elektron jurnaldan bəhrələnir. Bu jurnallardan ən kütləvi və oxunaqlı səciyyə daşıyanları CD-ROM-larda təqdim edilir. Bütün başqa məlumatlar isə internet şəbəkəsi vasitəsilə əldə olunur. “EBSCO” ilə əməkdaşlığın perspektivlərindən danışarkən təkcə onu qeyd etmək kifayətdir ki, Mərkəzi Elmi Kitabxana Amerika Fizika Cəmiyyətinin, “Black Well” Nəşriyyatının, Kembric Universitetinin Nəşriyyatının, “High Way” Nəşriyyatının, Fizika Universitetinin Nəşriyyatının və “Prokvest”in tam mətnli elektron nəşrləri ilə təmin olunur. “EBSCO” bütün bunlarla bərabər, təkcə ABŞ və Avropada deyil, kontingentin başqa yerlərində də nəşr olunan sənədlərin elektron variantlarını oxucularımıza təqdim edir. Bundan əlavə, kitabların vahid siyahısı, vahid elektron kataloq yaradılması, eyni zamanda vahid oxucu qeydiyyat üzərində iş gedir.
AMEA Mərkəzi Elmi Kitabxanasında avtomatlaşdırma işlərinin başlandığı və davam etdiyi son illər ərzində bir sıra elektron məlumat bazaları yaradılıb. Buna misal olaraq, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan elmi”, “Azərbaycan nefti” və s. məlumat bazalarını göstərmək olar. Amma təcrübə bir daha sübut edir ki, dünya elm sferasına inteqrasiya etmədən, digər kitabxanalarla informasiya mübadiləsi aparmadan, daha geniş səpkili bilgi massivlərindən bəhrələnmədən müasir ziyalının tələblərini tam mənada təmin etmək mümkün deyil.
“Milli rəqəmsal yaddaş” layihəsi üzrə rəqəmsallaşma avadanlıqları və proqram platforması hazırlanır
- Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması və informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi ilə bağlıdır. Bu yolda hansı irəliləyişlər və hansı problemləriniz var?
- Azərbaycan Respublikasının milli maraqlarının dünya informasiya məkanında qorunması miqyaslı və sistem xarakterli bir yanaşmadır. Burada bir və ya bir neçə müəssisənin iştirakı, əlbəttə ki, kifayət deyil. Hər müəssisə və təşkilat bu işə öz töhfəsini verməlidir. Mərkəzi Elmi Kitabxana və onun vacib tərkib hissəsi sayılan İnformasiya Resursları Mərkəzi hazırda Milli Rəqəmsal Yaddaş layihəsi üzərində çalışır. “Milli rəqəmsal yaddaş” layihəsinin hal-hazırda maddi texniki bazası, irihəcmli yaddaş avadanlıqları, rəqəmsallaşma avadanlıqları və proqram platforması hazırlanır. Bu ehtiyacların qarşılanması üçün daxili və kənar resursların səfərbər olunması gündəmdədir.
MEK-in layihələri - “Vahid Elmi İntellektual Baza”, “Azərbaycan vikipediyada”, “Azərbaycan muğamı milli rəqəmsal yaddaşda”, “Azərbaycan xalçası milli rəqəmsal yaddaşda”
- Layihələrdən söz düşmüşkən, “Rabitə dünyası”na əvvəlki müsahibənizdə “Vahid Elmi İntellektual Baza”, “Azərbaycan vikipediyada”, “Azərbaycan muğamı milli rəqəmsal yaddaşda”, “Azərbaycan xalçası milli rəqəmsal yaddaşda” kimi maraqlı layihələrin adını qeyd etmişdiniz. Bu layihələrdən hansının icrasına başlanılıb? Ümumiyyətlə, adıçəkilən layihələrin istiqamətləri haqda qısaca da olsa, nə demək olar?
- Adıçəkilən layihələrin icrası texniki və proqram təminatı ehtiyaclarının təmin olunmasından asılıdır. “Azərbaycan muğamı” və “Azərbaycan xalçaları” layihələri də MRY-ın tərkib elementləridir və MRY layihəsindən sonra növbəti böyük layihə Vahid Elmi İntellektual Baza layihəsi olacaq. Bu layihə ölkədə hazırkı dövrə qədər və gələcəkdə nəşr olunacaq bütün elmi məqalələrin, araşdırmaların sistemləşdirilərək mərkəzləşmiş vahid bazanın yaranmasını nəzərdə tutur. Bu layihə tədqiqatçılara apardıqları elmi araşdırma istiqamətində bu günə qədər digər alimlərin tədqiqatları ilə vahid baza üzərindən axtarış etməyə və nəticə əldə etməyə imkan verəcək.
“Azərbaycan Vikipediyada” layihəsinin məqsədi Azərbaycan dilində və Azərbaycan haqqında istənilən dildə sərbəst ensiklopedik resurslarda yayımlanacaq məqalələrin kəmiyyət və keyfiyyət göstəricilərini yüksəltməkdir. Bu istiqamətdə atılmış addımlardan biri kimi Azərbaycan Vikipediyaçılar İcmasının fəal üzvlərinin toplantılarının MEK-də keçirilməsini qeyd etmək olar. Həmçinin sentyabr ayından sınaq layihə olaraq akademiyanın bir neçə institutları ilə birgə vikipediyada yerləşdirilməsi zəruri olan materialları aşkar etmək və onları yayımlama qaydaları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu layihələrin növbəti mərhələlərdə universitet tələbələri arasında gənc vikipediyaçıların sayını artırmaq məqsədi ilə təlimlərin keçirilməsi də planlaşdırılır.
Kitabxanadaxili proseslər və kitabxana-oxucu münasibətləri tam avtomatlaşacaq
- “Ultra Computers” şirkəti ilə əməkdaşlıq çərçivəsində MK-İRM-də mərhələli şəkildə informasiya texnologiyaları infrastrukturunun qurulması işləri həyata keçirilirdi. Bu işlər yekunlaşıbmı?
- Bildiyiniz kimi, “Ultra Computers” şirkəti MEK-in İnformasiya Resursları Mərkəzi əməkdaşları ilə birlikdə MEK-də yerləşdirilmiş avadanlıqların biri-birinə inteqrasiyası və ahəngdar çalışma imkanları yoxlanıldı və təkliflər formalaşdırıldı. Hazırda “ULTRA Computers” şirkəti tərəfindən verilmiş təkliflər qiymətləndirilir və resurs imkanları ilə uzlaşdırılır. Texniki və proqram təminatı ehtiyacları tam şəkildə təmin olunduqda kitabxanadaxili proseslər və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq. Sistemdə oxucuların qeydiyyatı, kitabların sifarişi və alınması, oxucu yerləri üzrə hesabatlılıq, komplektləşdirmə kataloqlaşdırma, arxivləşdirmə, kimi proseslərin izlənilməsi öz əksini tapıb.
17 min kitab ehtiyatına malik Nadir Kitablar Fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı Fonduna məxsus kitablar elektron çiplərlə təmin olunublar
- Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzinin kitabxana kimi fəaliyyəti sahəsində nə kimi yeniliklər var?
- Kitabxanaya daxil olan informasiya vahidinin qeydiyyatı və saxlancda yerləşdirilməsi ardıcıl, dolğun, ancaq ən qısa konveyer üsulu ilə həyata keçirilir. Kitabxanaya daxil olan informasiya vahidləri birləşdirilmiş elektron kataloqda əks olunur. Müxtəlif adlar altında formalaşdırılmış və toplanmış fondlar birləşdirilir və vahid nəzarət və mühafizə sisteminə keçirilir. Kitab fondları və kataloqlar əsaslı şəkildə yoxlanılır, biri-biri ilə uzlaşdırılır və nizamlanır. Kataloqlar skanlaşdırılır və Milli Rəqəmsal Yaddaşa salınmaq üçün müəyyən edilmiş formatda emal edilir. MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir Kitablar Fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı Fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik və qeydiyyat sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar. Kitabxana əlilliyi olan insanlar üçün müyəssər olması məqsədilə müxtəlif xarakterli təkmilləşdirmələr həyata keçirir. Hal-hazırda Nadir Kitablar Fondundan 600 kitab və eyni zamanda 1041 avtoreferat rəqəmsallaşdırılıb, 500 qutu kataloq kartı skan edilib.
İndiyə qədər 40000-dən artıq oxucu MEK-in oxucu kartına sahib olub
- Bu gün Mərkəzin oxucu kartlarına sahib olanların sayı nə qədərdir?
- İndiyə qədər 40000-dən artıq oxucu MEK-in xidmətlərindən istifadə edib və oxucu kartına sahib olub. Mərkəzi Elmi Kitabxananın yeni binada xidmət göstərməsi hələ başlamayıb. Bu səbəbdən bu sualın cavabını biz MEK-in yeni binada xidmətə başlamasından bir il sonra cavablandıra bilərik.
“Məqsədimiz elektron kataloqların “vahid dildə” danışdırılması və biri-birinə inteqrasiyasıdır”
- MK-İRM elektron kitabxanaları ilə əməkdaşlıq etdiyi ölkələrin siyahısını genişləndirə bilibmi? Mərkəzin istifadəçiləri üçün dünyanın hansı elektron kitabxanalarına giriş mümkündür və ya mümkün olacaq?
- Bu gün müxtəlif kitabxanaların elektron resurslarından istifadə ümumi qaydalara əsasən istənilən yerdən aparıla bilər və MEK məkanından bu tipli resurslardan istifadə imkanları yaradılıb. Bu gün Mərkəzi Elmi Kitabxananın qarşısına qoyduğu məqsəd oxucuları dünyada daha qlobal miqyas almış informasiya bazaları ilə tanış etməkdir. Bu məqsədlə MEK, “EBSCO”-dan əlavə Amerika Birləşmiş Ştatlarından “İnformation USA” (1997-2000), Yaponiyadan “Geological maps of world”, İngiltərədən “World Business” və “World economy” məlumat bazalarından istifadə edib. Başqa bir məqsədimiz isə resurslara çıxışdan daha önəmli – elektron kataloqların “vahid dildə” danışdırılması və biri-birinə inteqrasiyasıdır.
Gələcəyə hesablanan plan MEK-in dünya kitabxana-informasiya məkanının bərabər hüquqlu iştirakçısına çevrilməsidir
- Mərkəzin uzaq və yaxın gələcək fəaliyyətində nə kimi yeniliklər gözlənilir? Məzuniyyətdən sonra hansı planlarla işə başlayırsınız?
- Qeyd etmək lazımdır ki, Mərkəzi Elmi Kitabxananın işçi heyəti yay mövsümünü sentyabr ayında ənənəvi kitabxana xidmətlərinin başlaması üçün hazırlığa həsr edib. Yaxın dövr üçün planlarımız – yeni binada xidmətlərin başlanmasıdır. Uzaq gələcək üçün planımız isə xidmətlərin Azərbaycan məkanından kənarda göstərilməsi və MEK-in dünya kitabxana-informasiya məkanının bərabər hüquqlu iştirakçısına çevrilməsidir.
Həqiqət İSABALAYEVA
23/09/15 Çap et