Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək planetin bütün sakinləri internetə qoşulacaq


«Facebook» sosial şəbəkəsinin qurucusu və baş direktoru Mark Zukerberq dünya liderləri və innovatorlarını internetə çıxışı prioritet məsələlər siyahısına salmağa səsləyib.
 
 
"İnternetə çıxış bəşəriyyət üçün qlobal məqsədlərə nail olmaq üçün həlledici əhəmiyyətə malikdir" - Zukerberq belə hesab edir.
 
 
Bill Qeyts, Riçard Brenson, Cimmi Uels, «Wikipedia» onlayn ensiklopediyasının həmtəsisçisi, «TED»-in qurucusu Kris Anderson daxil olmaqla bir çox tanınmış simalar, ictimai xadim və təşkilatlar «Connectivity Declaration Facebook» təşəbbüsünə qoşulub.
 
 
Zukerberqin bəyanatı dünya elitası və ictimaiyyətin diqqətini ötən həftə keçirilmiş BMT-nin sammitinin yekun bəyannaməsində təsvir edilmiş «davamlı inkişaf Məqsədləri»nə cəlb etmək üçün nəzərdə tutulub. Sənəd 2030-cu ilədək qlobal sosial-iqtisadi inkişaf sahəsində 17 məqsəd nəzərdə tutur. «Facebook» 2020-ci ilədək planetin (az inkişaf etmiş regionlar daxil olmaqla) bütün sakinləri üçün internetə çıxışı təmin etmək istəyir.
 
 
Zukerberq «Facebook» sosial şəbəkəsində öz postunda yazıb ki, ümumdünya şəbəkəsinə çıxış səsi olmayanlara danışmaq imkanı verəcək.
 
 
"Biz həmçinin bilirik ki, internet - iş, inkişaf və imkanlar üçün mühüm amildir. Tədqiqatın nəticələrinə əsasən, internetə qoşulmuş hər 10 nəfərdən biri yoxsulluqdan xilas olur" - «Facebook»un direktoru qeyd edib.
 
 
Bildirək ki, planetin əhalisinin üçdə iki hissəsini  internetlə təmin etmək üçün nəzərdə tutulmuş “Internet.org Facebook” layihəsi indi Asiya, Afrika və Latın Amerikası ölkələrində 1 milyard insanın “ümumdünya hörümçək toru”na daxil olmasını  təklif edir.
 
 
Emil Hüseynov
 




29/09/15    Çap et