Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmar Məmmədyarov: “Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında yüksək inkişaf etmiş İKT sektoruna malikdir”


“Ötən bir neçə il ərzində, Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT), nəqliyyat və enerji sahələrində regionun inkişaf səylərini qarşılamaq üçün regionun böyük potensialının aşkar edilməsinə töhfə verən bir sıra önəmli təşəbbüslə çıxış edib”.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksəksəviyyəli forumda etdiyi çıxışı zamanı söyləyib.
 
 
Nazir bildirib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə əsasən, Azərbaycanın dənizə çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri 11,24%-ə bərabərdir. Onun sözlərinə görə, dənizə çıxışı olmayan İEOÖ kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxıb.
 
 
E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir:
 
“Nəticə etibarilə, Azərbaycan, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilib. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcəkdir”.
 
 
 
Seymur Qasımbəyli




29/09/15    Çap et