Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələrin proqramlaşdırmanı dərindən mənimsəməsi üçün praktiki məşğələlərə üstünlük verilməsi vacibdir


Sadə və mürəkkəb strukturlu proqram təminatının yaradılması ilə məşğul olan proqram mühəndisliyinin tədrisinin yüksək səviyyədə təşkili informasiya cəmiyyətinin tələblərindəndir.

Proqram mühəndisliyi tələblərinin, o cümlədən layihələrinin idarə edilməsi kimi problemlərə ali təhsil ocaqlarında önəm verilməsi olduqca vacibdir.
 
Tələbələrin proqramlaşdırmanı dərindən mənimsəməsi üçün praktiki məşğələlərə üstünlük verilməsi, layihələr üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılması mühüm şərtlərdəndir.
 
Bu fikirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən proqram mühəndisliyi fənninin təhsil sistemində tədrisi məsələlərinə həsr olunmuş elmi seminarda səsləndirilib. İTİ-dən bildirilib ki, “Proqram mühəndisliyi tədrisdə” mövzusunda məruzə ilə institutun böyük elmi işçisi Tamilla Bayramova çıxış edib.
 
 
T.Bayramova tədris planının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən yeni fənlərin tədris proqramlarına daxil edilməsinin vacibliyini vurğulayıb. Məruzəçi həmçinin proqram mühəndisliyi üzrə Azərbaycan dilində kitab və digər nəşrlərin hazırlanması, İnternet-forumlar, sərgi və seminarların keçirilməsi, tədrisə yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
 
Ali məktəblərin sənaye şirkətləri ilə birgə tələbə layihələri və yay məktəblərinin təşkilinin əhəmiyyətinə də toxunan məruzəçi bu kimi tədbirlərin keçirilməsinin bu sahəyə marağı olan tələbələrin təcrübə əldə etməsinə şərait yaratdığını söyləyib, dünyada bu istiqamətdə görülən tədbirlərdən danışıb.
 
 
Həqiqət İSABALAYEVA




29/09/15    Çap et