Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və yüksək texnologiyalar sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İnin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.
Görüşdə ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə münasibətlərin uğurlu inkişafından məmnunluqla söhbət açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı razılıq doğurduğunu qeyd edib.
Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərdən də söz açan nazir bu qabaqcıl təcrübənin gələcəkdə də Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.
Səmimi qəbula görə nazirə təşəkkür edən səfir Çoi Suk İn də Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib.
Bu sahədə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayan diplomat xüsusən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması”ndan söz açaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda nazir Əli Abbasov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə İKT, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Çoi Suk İnə minnətdarlıq edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
29/09/15 Çap et