Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda keçirilən “Zərrəciklər, Sahələr və Simlər” adlı Beynəlxalq seminar işini davam etdirir
Bakı şəhərində öz işinə başlayan "Zərrəciklər, Sahələr və Simlər" adlı Beynəlxalq seminar fəaliyyətini 2 oktyabr tarixində yekunlaşdıracaq.
Beynəlxalq seminar Rusiya Federasiyasının Ali İqtisad Məktəbi, İtaliyanın Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA Radiasiya Problemləri İnstitutunun maliyyə və təşkilatı dəstəyi ilə keçirilir.
Seminarın məqsədi kvant sahə nəzəriyyəsində son hadisə və irəliləyişlərin, eləcə də fizika, riyazi fizika nəzəriyyələrinin və digər mövzuların müzakirəsidir. Seminarda dünyanın bir sıra ölkələrindən – Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Gürcüstan, Ukrayna, Cənubi Koreya və Azərbaycandan 49 xarici və 10 yerli mütəxəssis iştirak edir.
Seminarın gedişində iştirakçılar Nəzəri və Təcrübi Fizika İnstitutu (Moskva), Ali İqtisad Məktəbi (Moskva), Kembric Universitetinin Tətbiqi Riyaziyyat və Nəzəri Fizika İnstitutunun bu sahədə tanınmış alimlərinin mühazirələrini dinləyəcəklər.
Seminarın açılışında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik A.A.Qəribov, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor O.Ə.Səmədov və digər qonaqlar çıxış ediblər.
Həqiqət İSABALAYEVA
30/09/15 Çap et