Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub
“Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.
2015-ci ilin ötən dövrü ərzində Azərbaycanda “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.
Bu barədə Səhiyyə Nazirliyi (SN) məlumat yayıb.
Nazirlikdən bildirilib ki, müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Edilən e-müraciətlər nazirlik tərəfindən diqqətlə təhlil olunur, ətraflı araşdırmalar aparılır və zərurət olduqda tibb işçisi barəsində ciddi tədbirlər görülür. Vətəndaş müraciətləri əsasında aparılan yoxlamalar nəticəsində 2015-ci il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.
Nazirlikdən qeyd edilib ki, SN digər dövlət qurumları kimi öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer ayırır. Bu baxımdan, vətəndaşları dövlət xidmətlərinə daha da yaxınlaşdıran, onlara daha da effektiv xidmət göstərmək məqsədilə 2014-cü ildə Səhiyyə Nazirliyinin digər elektron resursu “Elektron Səhiyyə” xidməti istifadəyə verilib.
“Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinin iş rejimi gün ərzində vətəndaşların daxil olmuş müraciətlərini cavablandırmaq, onların qısa vaxt ərzində həllinə yönəlib. Ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, habelə müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən peşəkar həkimlərdən ibarət operatorlar tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat topladıqdan sonra dərhal məsələnin həlli üçün zəruri addımlar atılır. Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.
“Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər. Belə olan halda nazirliyin əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.
Əksər hallarda vətəndaşların səhiyyə müəssisələrinin fəaliyyət proseduru, qaydalar barədə məlumatsız olduqları aşkar edilir və müraciət qısa müddət ərzində həll edilir. Ehtiyac olduqda müraciətin dəqiqləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılır, yaxud da aidiyyəti üzrə digər dövlət qurumlarının tabeliyində olan müəssisələrə yönəldilir. Səhiyyə Nazirliyinin “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə daxil olan hər bir vətəndaş müraciəti ilk zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır və öz həllini tapır” – deyə nazirlikdən bildirilib.
SEYMUR
30/09/15 Çap et