“Ariane” raketdaşıyıcısı orbitə iki telekommunikasiya peyki çıxarıb
Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan start götürən "Ariane-5" ağır raketdaşıyıcısı yarım saat sonra standart geostasionar orbitə "Sky Muster" və "ARSAT-2" telekommunikasiya peyklərini çıxarıb.
Ümumi çəkisi 9417 kq təşkil edən iki aparatdan biri Avstraliyanın "NBN" rabitə operatoru üçün buraxılıb. Peyk Avstraliya qitəsini, eləcə də regionun bir sıra adalarını, o cümlədən Norfolk və Kokos adalarını yüksəksürətli internetlə təmin edəcək. Avstraliya üçün peyk böyük əhəmiyyətə malikdir, çünki aparat ölkənin ucqar yerləri ilə etibarlı internet rabitəsini təmin etməyə imkan verəcək. Bu, xüsusilə məktəblilərin tədrisi üçün nəzərdə tutulan informasiyanı ötürməyə, eləcə də distansiyalı tibbi məsləhətlər verməyə şərait yaradacaq.
"Arianspace" şirkətinin məlumatına görə, çəkisi 7,4 ton təşkil edən "Sky Muster" telekommunikasiya peyki indiyədək dünyada buraxılan telekommunikasiya aparatları arasında ən ağırıdır.
"ARSAT-2" peyki Argentinanın "ARSAT" geostasionar rabitə operatoru üçün orbitə çıxarılıb. Bu, Argentina tərəfindən layihələşdirilən və istehsal edilən ikinci peykdir. "ARSAT-2" Cənubi, Mərkəzi və Şimali Amerika ərazisində peyk televiziyası, internet, məlumat ötürmə və telefon rabitəsi daxil olmaqla geniş spektrli telekommunikasiya xidmətləri göstərməyə imkan verəcək. Artıq orbitdə olan "ARSAT-1" Argentina və qonşu ölkələrə xidmətlər göstərir.
"ARSAT-2" peykinin buraxılışı münasibətilə Argentinanın federal planlaşdırma, dövlət investisiyaları və xidmətləri naziri Xulio de Vido və "Arsat" şirkətinin rəhbəri Matias Biançi Fransız Qvianasına gəlib. "ARSAT-2" Argentinanın "INVAP" şirkəti tərəfindən hazırlanıb və tikilib. Layihənin həyata keçirilməsinə 250 milyon dollar xərclənib.
"Ariane-5" raketdaşıyıcısının ağır versiyasının hazırkı buraxılışı bu il say etibarilə artıq beşincidir. Raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılan aparatlar indi ümumi buraxılış sayı 226-ya bərabər olan daşıyıcı ailəsinin 399 və 400-cü peykidir.
Məlumat üçün qeyd edək ki, "INVAP" Argentinanın 1976-cı ildə yaradılan və nüvə energetikası, kosmos, sənaye və tibb sahəsində avadanlığın istehsalı ilə məşğul olan dövlət elmi istehsal müəssisəsidir. Cənubi Amerika ölkəsində yüksək texnologiyalı layihələrin hamısı müstəsna olaraq bu şirkətin iştirakı ilə həyata keçirilir.
Bundan başqa, bu, Argentinanın ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən peyk layihələrini müstəqil həyata keçirə bilən şirkət kimi sertifikatlaşdırılan yeganə müəssisəsidir. "INVAP" özünü tam maliyyələşdirir və dövlət büdcəsindən vəsaitlər almır, -
"TASS" yazır.