Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Macarıstanın İT şirkətləri Azərbaycanda investisiya qoyuluşuna maraq göstərirlər
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.
Görüşdə nazir Əli Abbasov ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, xüsusən rabitə və yüksək texnologiyalar sahəsində daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, İKT-nin bir çox istiqamətləri üzrə Macarıstan və Azərbaycan arasında əməkdaşlığa maraq göstərildiyini vurğulayıb.
Nazir səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinin faydalı ola biləcəyini və münasibətlərin gələcəkdə də dinamik inkişaf etdirilməsinə böyük önəm veriləcəyini nəzərə çatdırıb.
Səfir İmre Laslotski də əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, rabitə və yüksək texnologiyalar sahəsində genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini paylaşıb.
Azərbaycanda qurulan Tier III səviyyəli regional DATA mərkəzinə, eyni zamanda qarşılıqlı investisiya qoyuluşuna macar şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyən diplomat 2-5 dekabr tarixində Bakıda keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransında Macarıstanın milli pavilyonla iştirak edəcəyini nəzərə çatdırıb.
Münasibətlərin inkişafına görüş və qarşılıqlı səfərlərin müsbət təsirindən də söz açan səfir İmre Laslotski 12-15 oktyabr tarixlərində Budapeştdə keçiriləcək “ITU Telecom World 2015” beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı məmnunluğunu ifadə edib.
Görüşdə əməkdaşlığın inkişafı istiqamətində maraq doğuran digər istiqamətlər bir daha nəzərdən keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.
02/10/15 Çap et