Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sentyabrın 21-dən start verilən “Elektron Təhsil” Respublika Müsabiqəsinə indiyə qədər 46 layihə təqdim olunub
Təhsil Nazirliyi tərəfindən sentyabrın 21-dən start verilən "Elektron Təhsil" Respublika Müsabiqəsinə indiyə qədər 46 layihə təqdim olunub. Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş layihələrin sayı 41-dir, 5 layihə isə müsabiqəyə qəbul edilməyib.
Qeydiyyatdan keçmiş istifadəçilərə gəlincə, müəllimlərin sayı 282, şagirdlərin sayı 106, valideynlərin sayı 4, digər istifadəçilərin sayı isə 14-dür.
Qeyd edək ki, müsabiqə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə elan edilib. Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.
Müəllim istiqaməti üzrə "Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs"; "Təhsildə ən yaxşı İnternet texnologiyaları"; "Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs"; "Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd"; Şagird istiqaməti üzrə "ALPLogo" proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur"; "Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyaları müəyyənləşdirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Müsabiqə "Dr. Web", "AZEDUNET", "Ultra", "Edumediya Azərbaycan", "Nar" mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
Həqiqət İSABALAYEVA
03/10/15 Çap et