Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda Kompüter Peşə Liseyi yaradıldı
Dünyada, eləcə də ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bunun nəticəsində kompüter texnologiyalarının bütün sahələrə inteqrasiya etməsi həm sektor üzrə mütəxəssislərə tələbatı artırıb, həm də bu sahədə yeniliklər əldə etmək üçün aparılan çalışmaların sayını artırıb. Məhz bunu nəzərə alan dünya dövlətləri İT təhsili verən ali və orta məktəbləri açaraq sahənin genişlənməsini həyata keçirirlər.
Qeyd edək ki, Azərbaycanda da sözügedən istiqamətdə mühüm addımlar atılmaqdadır. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
NK-nın verdiyi qərara görə, Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.
Qərarla bağlı NK-dan bildirilib ki, Bakı Kompüter Peşə Liseyinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.
Təhsil Nazirliyinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
SEYMUR
05/10/15 Çap et