Dünyada ixtisaslı müəllim çatışmazlığı müşahidə edilir
YUNESKO oktyabrın 5-də qeyd edilən Beynəlxalq Müəllimlər Günü münasibətilə bəyanatla çıxış edərək diqqəti müəllim çatışmazlığı probleminə yönəldib və pedaqoq hazırlığının lazımi səviyyədə aparılmasına və onların statusunun artırılmasına çağırıb.
Bildirilir ki, 2020-ci ilədək ümumi ibtidai təhsilin təmini üçün işə əlavə 10,9 milyon, 2030-cu ilədək isə 25,8 milyon müəllim qəbul edilməlidir.
“Bütün dünyada ixtisaslı müəllimlərin kəskin çatışmazlığı müşahidə olunur. Çoxları peşəkar pedaqoqların zəif hazırlanması problemi ilə qarşılaşır”, - YUNESKO-nun bəyanatında deyilir.
Bütün bu faktorlar, xüsusilə yoxsul regionlarda və məktəblərdə təhsildən yararlanma imkanlarını məhdudlaşdırmaqla ilk növbədə ibtidai siniflərə ziyan vurur.
Dünyanın əksər ölkələrində ibtidai sinif müəllimləri adətən minimum səviyyədə hazırlıq keçir və ya ümumiyyətlə keçmirlər. Bundan başqa, ibtidai sinif müəllimlərinin əməkhaqqısı aşağı olur. Həmçinin onların karyera artımı perspektivi zəifdir və ümumilikdə aşağı sosial-iqtisadi statusa malikdirlər.
“Bu il qeyd edilən Beynəlxalq Müəllimlər Günü bütün müəllimlərin layiqli, sağlam və təhlükəsiz əmək şəraitinin, peşə sərbəstliyinin, inam və akademik azadlığının təmin edilməsi ilə hüquq və imkanlarının genişləndirilməsi üçün şərait yaradır”, - bəyanatda vurğulanır, -
BMT saytı yazır.