Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan regionunda beynəlxalq müsabiqələrin qalibi olan Coğrafi İnformasiya Sistemi yaradılıb


Azərbaycan Prezidenti İlham Əliyev Ucar şəhərində su təchizatı sisteminin yenidənqurmadan sonra açılışında iştirak edib.
 
“ICTnews” xəbər xidmətinin ölkə başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, yenidənqurma işləri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nə uyğun şəkildə həyata keçirilib.
 
Layihədə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.
 
 
İdarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.
 
 
Aynur Vəliyeva




07/10/15    Çap et