Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“QUTechnopark” Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti fəaliyyətə başladı


 Mövcud şirkətlərin iş mexanizminə innovasiyaların tətbiqi, həmçinin startaplara dəstəyi nəzərdə tutan, beləliklə də universitet və iş dünyası arasında real əməkdaşlığı gücləndirən “QUTechnopark”da Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti (LİTTD) fəaliyyətə başlayıb.
 
 
 Bu barədə məlumat verən Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov qeyd edib ki, innovasiyaların inkişafı və tətbiqi kompleks yanaşma tələb edir: “Ona görə də cəmiyyətin tələb və ehtiyaclarını təmin etmək üçün fəaliyyətini formalaşdıran elmi-tədqiqat müəssisələri, eləcə də kadr hazırlığı ilə məşğul olan müəssisələr iş dünyasının təmsilçiləri ilə birgə layihələrin icrasına maraq göstərirlər.
 
Məsələn, bu cür yanaşmaların nəticəsində meydana çıxan yeniliklər səmərəliliyi ilə seçilir. LİTTD-nin çoxşaxəli dəstəkləri ilə formalaşdırılan belə əlaqələr cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişafına müsbət təsir etməklə yanaşı, innovasiya iqtisadiyyatının inkişafına səbəb olur”.
 
İ.Qasımovun sözlərinə görə, hazırda “QUTechnopark”-ın fəaliyyətlərini əsasən dörd istiqamətdə  qruplaşdırmaq olar. Bu istiqamətlərə mövcud şirkətlərin (rezidentlərin) inkişaf etdirilməsinə əsaslanan innovasiyaların tapılması və tətbiqi (sahibkarlıqda innovasiya); yeni sahibkarlıq subyektlərinin qurulmasına əsaslanan innovasiyaların tapılması və tətbiqi (innovasiya sahibkarlığı); texnoparkların inkişaf etdirilməsinə əsaslanan xarici təcrübənin öyrənilməsi; Azərbaycanda texnoparkların inkişaf etdirilməsi mexanizmlərinin hazırlanmasında müvafiq qurumlarla əməkdaşlıq daxildir:
 
“Mövcud şirkətlərin (rezidentlərin) inkişaf etdirilməsinə əsaslanan innovasiyaların tapılması və tətbiqi (sahibkarlıqda innovasiya) - Bu istiqamətdə həyata keçirdiyimiz işlərimiz əsasən “QUTechnopark”-da fəaliyyət göstərən şirkətlərlə birgə ortaq layihələrin həyata keçirilməsi ilə yanaşı, iş dünyasının digər subyektləri ilə də ortaq layihələrin icrasıdır. Yeni sahibkarlıq subyektlərinin qurulmasına əsaslanan innovasiyaların tapılması və tətbiqi (innovasiya sahibkarlığı) - bu istiqamətdə yerinə yetirdiyimiz işlərin mərkəzində, ildə bir dəfə təşkil etdiyimiz Yeni Fikir Müsabiqəsi dayanır.
 
 
 
Yeni Fikir Müsabiqəsi (YFM) Azərbaycanda StartUp-ların inkişafına dəstək verən ən böyük layihədir. YFM nəticələrinə əsasən seçilən ən yaxşı StartUp layihələrinin inkişafına ofis, investisiya, mentor, hüquqi, təlim, marketinq və sair kimi dəstəklər veririk. 
 
Qeyd olunan bütün istiqamətlərin inkişaf etdirilməsində LİTTD-nin rolu isə xüsusi əhəmiyyət kəsb edir.
 
Onu da qeyd edim ki, LİTTD-nin direktoru vəzifəsinə, indiyə kimi bu sahə ilə əlaqədar xeyli sayda yerli və beynəlxalq layihələrin təşkilatçı və iştirakçı kimi çıxış etmiş Zəfər Həsənov təyin edilib”. 
 
LİTTD-nin məqsədi universitetin tədris istiqamətinə əlavə olaraq elmi araşdırma potensialının gücləndirilməsi, biznes və iş dünyası ilə inteqrasiyanın sürətləndirilməsinə dəstək, yerli və qlobal bazar rəqabətinə dayanıqlı məhsulların təyini və kommersiyalaşdırılma prosesinin asanlaşdırılması, ölkədaxili təşəbbüskarlıq layihələrinə lazımi töhfənin verilməsi, innovasiyanın inkişafı və müxtəlif donorlar vasitəsilə layihələrin həyata keçirilməsidir.
 
 
 
Həqiqət İSABALAYEVA




07/10/15    Çap et