Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk mobil nəşriyyatı istifadəyə verildi


Mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, cəmiyyətdə kitaba marağın artırılması və inkişaf etdirilməsi istənilən dövrdə ən aktual mövzulardan biri olub.

Lakin informasiya texnologiyalarının inkişafı və insanların mobil vərdişlərə daha çox yiyələnməsi ilə problemin həlli fərqli həll yollarına zəmin yaradıb.
 
Belə ki, hazırda müxtəlif mobil əməliyyat sistemləri istifadəçiləri ana dilimizdə kitab oxumaq üçün gərək ya birbaşa saytdan, ya da pdf və s. formatlı fayllardan istifadə etsinlər. Bu isə mütaliəni narahat edir, gözləri yorur. Bütün bunlar nəzərə alınaraq, Azərbaycanın ilk mobil nəşriyyatının qurulması məqsədilə “Kitab-app” layihəsi təqdim olunub. İlkin mərhələdə “Kitab-app” mobil tətbiqi “Android” əməliyyat sisteminə malik mobil telefonlar üçün aktiv olacaq.
 
Bu layihə ilə kitab artıq Azərbaycanda mobil və daha əlçatan bir məhsul olacaq. Oxucu oxumaq istədiyi kitabı saytlarda axtarmayacaq və sadə bir kliklə istədiyi kitabı cihazına endirib, bütün dünyanın istifadə etdiyi kimi rahat oxuyacaqdır. Bundan əlavə, istifadəçilər əldə etdikləri məhsulun interfeysini zövqləri və rahatlıqlarına uyğun dəyişə biləcəklər.
 
İlkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyyə dəstəyi ilə təqdim olunan layihəyə nəşriyyat üçün uyğun proqramlar və onların admin panelləri yazılıb, ilkin istifadə üçün sistemə müəyyən sayda pulsuz kitab yüklənilib.
 
Layihə müəlliflərinin sözlərinə görə, layihənin əsas məqsədi bu sahədə olan boşluğu, daha doğrusu, heçliyi doldurmaqdır. Sözügedən əməliyyat sistemlərində, məsələn, ingilis və rus dillərində istənilən kitabı (hətta bir neçə variantda) tapmaq, endirmək (almaq), oxumaq mümkün olduğu halda, bizim ana dilimizdə belə bir imkan yoxdur, çünki bu cür tətbiqlər yox səviyyəsindədir. Bizim planımız həyata keçərsə, Azərbaycanda ilk mobil nəşriyyat qurulacaq, ilkin baza olaraq 20 kitab tam pulsuz olaraq sistemlərə yüklənəcək. Bu cür kitabların üstünlüyü bundadır ki, nə kağız kitab, nə də “e-book”dan oxumağa zamanı və imkanı olmayan insanlar gələcəkdə istədikləri kitabı öz “IOS” və “Android” sistemli cihazlarına (telefon və tabletlər) pulsuz və ya (gələcəkdə) çox kiçik bir məbləğ ödəyərək endirib oxuya biləcəklər. Bu cür mütaliə həm də çox mobildir, çünki telefonda və ya tabletdə olan kitabı istənilən yerdə açıb oxumaq olar. Üstəlik, istifadəçilərimiz özləriylə təkcə kitab oxumaq üçün əlavə bir əşya – kitab və ya “e-book” daşımalı olmayacaqlar.
 
"Nəticə olaraq, biz perspektivli və unikal bir müəssisənin – mobil nəşriyyatın əsasını qoymuş olacağıq ki, bu da öz növbəsində kitaba marağı artırmaqla bu sahədə iqtisadi canlanma yaratmaqla bərabər, kitabı insanlarımız üçün daha da yaxınlaşdıracaq. Bz iddia edirik ki, bu layihə kağız kitab bazarının müştərilərini almaqdan daha çox, insanların ümumiyyətlə kitaba marağını stimullaşdırmağa və oxumayanları da oxumağa cəlb etməyə hesablanmışdır və bizim alıcılar ənənəvi nəşriyyatların müştəri itirməsi hesabına formalaşmayacaqdır. Layihənin davamı nəticəsində kitab alıcılarının ümumi sayının iki dəfəyə qədər artmasını gözləyirik ki, bu da mədəni səviyyənin yüksəldilməsi kimi ali bir sosial səmərə deməkdir" - deyə layihə rəhbəri Sadıq Məmmədli bildirib.
 
Bu layihə nəticəsində hər hansı ucqar rayon sakini də əldə etmək istədiyi kitaba artıq əziyyət və xərc çəkməyəcək. İlkin nəticələrdən başlayaraq, bütün fəaliyyət dövrü ərzində layihə nəinki tək Azərbaycanı, hətta bütün dünyada dilimizdə kitab görmək, oxumaq istəyən insanları əhatə edəcək.
 
“Kitab-app” qurucularının sözlərinə görə, layihə uğurla davam etdikcə lokal investor marağı cəlb edəcək, çünki mobil nəşriyyat ideyasının ölkədə yeni və unikal bir layihədir.



 




07/10/15    Çap et