Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron Hökumət” portalına daxil olanların sayı 2 502 366 nəfərə çatdı


"Elektron Hökumət" portalına daxil olanların sayı 2 502 366 nəfərə çatıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzini (MHM) direktoru Nail Mərdanov bu barədə "Elektron Hökumət" bülleteni üzrə MHM-də keçirilən növbəti brifinqdə məlumat verib.
 
"Elektron Hökumət" portalına daxilolmalarla bağlı son statistikasını təqdim edən MHM rəhbərinin sözlərinə görə, statistik uçot 2012-ci ilin dekabrından 2015-ci ilin sentyabr ayının 30-a qədər aparılıb. Bu müddətdə portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 9,182,630 daxilolma qeydə alınıb: "Portala müraciət edənlərin ümumi sayı isə 2,502,366 nəfər olub.
 
Belə ki, 2,502,366 nəfər ümumən 9,182,630 dəfə portala baxıb və 16,177,980 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 31,635,432 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 21 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 27.3%-ni yeni istifadəçilər, 72.7%-ni isə təkrar müraciət edənlər təşkil edib. Sentyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 315,999 daxilolma qeydə alınıb." Portala müraciət edənlərin ümumi sayı isə 110,349 nəfər olub. Həmin şəxslər 1,342,197 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 767,616 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 32 saniyə təşkil edib. Sentyabr ayı ərzində portala müraciət edənlərin 19.9%-ni yeni istifadəçilər, 80.1%-ni isə təkrar müraciət edənlər təşkil edib:
 
"Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 317,299-a çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 412 olub."
 
 
Qeyd edək ki, "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur.
 
Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər və statistik məlumatlar öz əksini tapır. Bülletenlərə həsr olunan və hər ay təşkil edilən brifinqlərin məqsədi  portalda olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.
 
 
 
Həqiqət İSABALAYEVA
 




09/10/15    Çap et