Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmar Məmmədyarov: “Azərbaycanla Hindistan arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var”


Azərbaycanla Hindistan arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var.
 
 “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edərkən söyləyib. Görüşdə səfir Sanjay Rana etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
 
 
Nazir Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
 
Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirərək ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT istiqamətində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
 
 
SEYMUR




09/10/15    Çap et