Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir müavini Goradildə yerləşən Şuşa məktəbində təşkil olunan “Bilik günü” mərasimində iştirak etdi


15 sentyabr - Bilik günündə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, millət vəkili Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa təhsil işçiləri və ayrı-ayrı rabitə birlik və müəssisələrinin nümayəndələri Goradil qəsəbəsindəki 9 saylı Şuşa orta məktəbində yeni dərs ilinin başlanması ilə əlaqədar tədbirdə iştirak etmişdir.

Məktəbin direktoru Qədim Abdullayev çıxış edərək bildirdi ki, bu il məktəbə 1-ci sinfə 14 uşaq qəbul olunub, məktəbi bitirən məzunlardan isə 2 nəfəri ali məktəbə daxil olub.

Direktor Heydər Əliyev Fondu tərəfindən göstərilən təşəbbüsə uyğun olaraq bu il bütün birinci sinfə qədəm qoyan uşaqlar kimi 9 saylı məktəbin birincilərinin də məktəb çantaları və dərs ləvazimatları ilə təmin edildiyini bildirib.

Rabitə və informasiya Texnologiyaları Nazirliyi tərəfindən problemlərin həlli istiqamətində mütəmadi işlər aparıldığını söyləyən direktor nazirliyin dəstəyi ilə yeni sinif otağının tikildiyini, musiqi məktəbi üçün də daha iki otağın tikiləcəyini bildirərək məcburi köçkünlər adından göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdi.

Nazir müavini İltimas Məmmədov dərs ilinin başlanması münasibətilə bütün birinciləri və onların valideynlərini təbrik edərək nazir Əli Abbasovun salamlarını toplantı iştirakçılarına çatdırdı.

Nazir müavini qaçqın və məcburi köçkünlərə ölkə başçısı tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edərək, nazirlik tərəfindən “Rabitəçi” İstirahət düşərgəsinin bazasında məskunlaşan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bundan sonra da tədbirlərin davam etdiriləcəyini bildirdi.




15/09/11    Çap et